Regionların sosial-iqtisadi inkişafı: Dövlət proqramları necə nəticə verir?

İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Regionların sosial-iqtisadi inkişafı ölkə iqtisadiyyatının dayanıqlılığın təmin edən əsas amillərdəndir.
Regionlarda sosial həyat yaxşılaşdıqca, bu, ölkə üzrə də ciddi müsbət tendensiyalar yaradır. Belə ki, ilk növbədə iş üçün paytaxta axın səngiyir. Bunun üçün regionlarda iş yerlərinin, o cümlədən istehsal müəssisələrinin yaranmasına ciddi ehtiyac var. Söhbət ondan gedir ki, bu gün regionlarda istehsal müəssisələri demək olar yoxdur. Kənd təsərrüfatı məhsulları istehsal edən sahələrin də böyük əksəriyyəti paytaxt Bakıda yerləşir.
Sahibkarların bu üsulu seçməsinin əsas səbəblərindən biri isə böyük bazarlara çıxış imkanını asanlaşdırmaq və daşınma xərclərini azaltmaqdır.
Bəllidir ki, bu gün əhalinin 50 faizdən çoxu məhz Bakıda yaşayır. O baxımdan Bakı yerli istehsal şirkətləri üçün ən böyük bazar hesab olunur. Bu isə regionları inkişafdan saxlayır. Baxmayaraq ki, regionların inkişafı ilə bağlı bu günə qədər dövlət tərəfindən müxtəlif proqramlar həyata keçirilib, amma hələ də ümumi durum qənaətbəxş deyil. Hazırda 2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra olunur.
Bundan əvvəl isə regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları həyata keçirilib. Statistik məlumatlar görə, icra olunan dövlət proqramlarının nəticələri müsbətdir. Yəni rəqəmlər görülən işin nəticə verdiyini deməyə əsas yaradır.
Məsələn, rəsmi rəqəmlərə görə, icra olunan dövlət proqramlarından sonra ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. 2020-ci ilin statistik göstəricilərinə görə, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində son 17 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib.
Ötən ildə qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub. Onu da nəzərə almaq lazımdır ki, dövlət bu proqramların icrası üçün milyardlarla manat vəsait xərcləyib. Təkcə 2019-cu ildə regionların sosial-iqtisadi inkişafının dördüncü (hazırda icra olunan-müəll.) dövlət proqramının icrasında 7,2 milyard manat vəsait yönəldilib. Rəqəmlər müsbətdir, amma bu gün region əhalisinin əsas problemi olan işsizlik hələ də qalmaqdadır.
İş üçün kütləvi şəkildə Bakıya axın edən region əhalisi əslində real mənzərənin göstəricisidir. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Ən başlıca səbəblərdən biri kəndlinin öz məhsulunu bazara çıxara bilməməsidir. Bunun qarşısını alan monopoliyadır. Kəndlinin bazara girişi sanki hansısa “gizli əl” vasitəsilə məhdudlaşdırılır. Kəndli isə istehsal etdiyi məhsulu dəyərindən dəfələrlə ucuz qiymətə işbazlara satmaq məcburiyyətində qalır.
O məhsullar isə sonradan bazara “əl yandıran” qiymətlərlə daxil olur. Nəticədə əziyyət çəkən kəndli ziyana gedir, heç bir iş görməyən işbazlar isə milyonlar qazanır. Bütün bu və digər amillər regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlətin gördüyü işlərin effektiv nəticə verməsinin qarşısını alır. Dövlət milyardlar xərcləyir, proqramlar hazırlayıb icra edir, nəticədə hansısa işbazın (oliqarx məmur-müəll.) “xidməti” nəticəsində real effektiv nəticələr əldə etmək mümkünsüz olur.
Prezident İlham Əliyev də dəfələrlə bu cür neqativ hallarla bağlı məmurlara xəbərdarlıq edib.
“Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər. Sahibkarlara çox böyük imkanlar yaradılıb, ona görə də onlardan tələb olunan odur ki, dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər”,-deyə Prezident İlham Əliyev Regionların "2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı keçirilən konfransda vurğulamışdı.
Sonrakı dönəmlərdə bu məsələ ilə bağlı da xeyli işlər görüldü. Məmurların biznesə müdaxiləsinin aradan qaldırılması üçün ciddi addımlar atıldı, o cümlədən sahibkarlardan rüşvət tələb edən bir sıra məmurlar vəzifəsindən uzaqlaşdırıldı, bəziləri həbs olundu. Amma hələ də problemlər qalır. Mövcud problemlərin də aradan qaldırılması ilə bağlı dövlət tərəfindən addımlar atılır. Regionların inkişafı ilə bağlı bütün sərəncamlar, fərmanlar, qərarlar mövcuddur, yalnız onları tam şəkildə icra etmək lazımdır. Burada isə yerlərdəki məmurların üzərinə böyük iş düşür.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
Cebhe.info