Azərbaycanda gözəlləşmək bahalaşır? - Məşhur plastik cərrah nələr danışdı...

Azərbaycanda gözəlləşmək bahalaşır? - Məşhur plastik cərrah nələr danışdı...

Xəbər verdiyimiz kimi, Azərbaycanda plastik cərrahiyyə üzrə klinik protokollar hazırlanır. 

Belə ki, Səhiyyə Nazirliyi bu istiqamətdə müvafiq sənədlərin üzərində işlərin başladığını açıqlayıb. Məlumata görə, protokolların bir hissəsinin cari ilin sonunadək tamamlanaraq təsdiq edilməsi planlaşdırılır.

Qeyd edək ki, ötən il nazirliyin aidiyyəti qurumu plastik cərrahiyyə və oftalmologiya üzrə klinik protokolların mövcud olmadığını bildirmişdi.

Klinik protokolların hazırlanması pasiyentlərin təhlükəsizliyi və bu sahədə peşəkar yanaşmanın gücləndirilməsi məqsədi daşısa da, amma öz növbəsində qiymətlərin artmasına və sahəyə daxil olmağın çətinləşməsinə də yol aça bilər.

Yeni protokol Azərbaycanda plastik əməliyyatları bahalaşdıracaqmı? Çünki daha əvvəl plastik cərrahların sertifikasiyasi, indi isə klinik protokollar bu sahədə çalışanların sayını azalda bilər. Bu protokolların tətbiqi plastik əməliyyatların qiymətlərinə təsir edəcəkmi? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında plastik-estetik cərrah Tale Qasımov bildirib ki, bu protokolların tətbiqi plastik əməliyyatların qiymətlərinə birmənalı şəkildə təsir etməyəcək.

Tale Qasımov əməliyyatların qiymətinin artacağını düşünmür:

"Bunun plastik əməliyyatların qiymətlərinə birmənalı şəkildə təsir etməyəcəyini deyə bilərəm. Hətta plastik əməliyyatların bir çoxunun sığortaya daxil edilməsi xalqımız üçün daha faydalı və gərəkli olacağını düşünürəm.

Bəziləri “gözəllik bahalaşacaq” deyirlər, amma bununla bağlı o qədər söz deyilə bilər ki... Guya indiyə qədər bu əməliyyatlar ucuz idi? Bahalı edən bahalı edir, ucuz edən isə ucuz. Seçim xalqındır.

Hazırda çox baha qiymətə əməliyyat edənlər də, ucuz qiymətə edənlər də var. Hər kəs öz imkanına uyğun həkim seçir. Düşünmürəm ki, əməliyyatlar indi baha edənin qiymətindən baha olsun. Elə bir şey mümkün deyil”. 

Plastik-estetik cərrah vurğulayıb ki, hazırda kifayət qədər həkim  var:

“Hazırda kifayət qədər plastik cərrahımız var. Təkcə Türkiyədə 50-dən çox plastik cərrahımız var. Dövlətimizin şəffaf ədalət qanununa əsasən haqq yerini tapdı. Onlar da, həmin mütəxəssislər də gələcəklər. Həkim çatışmazlığı olmayacaq. Əksinə, kifayət qədər mütəxəssisimiz var”. 

Onun sözlərinə görə, vətəndaşlar artıq xaricə getmədən, peşəkar həkimlərimiz tərəfindən plastik cərrahiyyə mərkəzlərində rahat şəkildə əməliyyat oluna biləcəklər:

“Plastik əməliyyatların icbari sığorta paketinə salınmasında söhbət əsasən rekonstruktiv əməliyyatlardan gedir. Məsələn, rekonstruksiya əməliyyatları, yanıqlar nəzərdə tutulur. Bəzən insanlar burada həmin problemlərin həllini tapa bilməyib xaricə üz tuturlar.

Halbuki bu əməliyyatları burada yerli peşəkar plastik cərrahlar da yüksək səviyyədə icra edə bilərdi. Biz bu əməliyyatları da sığorta paketinə daxil edəcəyik. Beləliklə, insanlar artıq xaricə getmədən, yerli plastik cərrah mərkəzlərində rahat şəkildə əməliyyat oluna biləcəklər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”