Depressiyadan necə çıxmaq olar? - Psixoloq məsləhəti

Depressiyadan necə çıxmaq olar? - Psixoloq məsləhəti

Artıq ölkəmizə yaz fəsli qədəm qoyub və gün keçdikcə havalar isinməyə doğru gedir.

Bir çox insanlar yaz fəslinin gəlməsini səbirsizliklə gözləyir və gözəl havadan, ətraf mühitin yaşıllaşmasından xüsusi zövq alır.
Ancaq elə insanlar da var ki, təbiətdə baş verən dəyişikliklər həmin şəxlərin özünə qapanmasına səbəb olur ki, bu da yaz depressiyası adlanır.

Bəs yaz depressiyasına düşməmək üçün nə etmək lazımdır?

Cebhe.info-ya açıqlamasında psixoloq Gülnar Orucova bildirib ki, iki həftədən sonra bu depressiyadan özümüz çıxa bilmiriksə, həyəcan təbili çalınmalıdır:

"ümumiyyətlə, depressiyanın bir neçə növü var: xroniki, melanxolik, fəsil depressiyası, doğum sonrası depressiya və sair. Hazırda daha çox rast gəldiyimiz isə yaz depressiyasıdır.

Depressiyanın yaşı yoxdur, hər bir insan depressiya yaşaya bilir və 2 həftə müddətində bunu özü atlada bilir. Ən pis hal odur ki, insan özünün depressiyada olduğunu bilmir, həyatı boş verir.

Depressiyada olan insanda yuxu rejiminin pozulması, həddən artıq həyata marağın itməsi, sabaha ümidin olmaması, ancaq keçmişi düşünmə, gələcəyə ümidsizlik, həddən artıq iştahsızlıq ya da tam əksi, həddən artıq yemək yemə istəyi halları baş verir.

İki həftədən sonra bu depressiyadan özümüz çıxa bilmiriksə, həyəcan təbili çalınmalıdır. Yaz depressiyası insanda bioritmlərin və harmonal balansın pozulması zamanı baş verir. Fikir verirsinizsə, insan yaz gəldikdə daha erkən oyanmağa başlayır. Çünki qışda vitaminlərin az qəbul olunması yaz fəslinə keçid edəndə maddələr mübadiləsinin zəifləməsilə, vitaminsizliyə səbəb olur. Bu da bizim depressiyaya düşməyimizə səbəb olur".

Psixoloq yaz fəslində depressiyadan çıxmağın yollarını göstərib:

"Biz zehnimizi də həddən artıq yoruruq. Daha çox gələcək barədə düşünürük, biz bu günü yaşamırıq ancaq gələcəklə bağlı plan qururuq.

Amma düşünməliyik ki, bu günü gələcəyə niyə qurban verək? İnsan depressiyaya düşürsə, çəkisinin 15 faizini itirir. Bəzən insan özü özünə diaqnozu qoyur ki, mən depressiyadayam. Antidepresant alıb içən insanlar var, bu belə olmamalıdır.

Depressiyaya düşən insan şən musiqilər dinləməlidir, təbiət qoynunda olmalıdır, açıq havada olmalıdır, dostları ilə yeni məkanlarda zaman keçirməlidir, idmanla məşğul olmalıdır, sosiallaşmalıdır. Yaz fəslində psixoloji durumunda heç bir gərginlik olmayan insanlar yaz fəslini yenilik kimi qəbul edir. Daha çox əyləncə istəyir, daha çox həyat eşqi ilə yaşayırlar".

Naibə
Cebhe.info