Evlənməkdən qorxan Azərbaycan gənci: Ev, iş, “uşaqpulu”...

Cari ilin ilk beş ayı ərzində 17448 nikah və 8795 boşanma halı qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.
Mediator Fərhad Mehdiyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, nikahların sayında azalma davam edəcək:
"Bu da ondan irəli gəlir ki, boşanmaların sayı artıb. Nikaha girən hər kəs bilir ki, onların boşanma ehtimalı kifayət qədər yüksəkdir. Belə olduğuna görə artıq insanlar ehtiyatla yanaşırlar, tez nikaha girməyə cəhd etmirlər. Digər bir səbəb budur ki, insanlar daha çox faktiki münasibətlərə, şəxsi münasibətlərə girməyə üstünlük verirlər. Cütlüklər bir-birlərinə müəyyən zaman verirlər, daha sonra evlənməyi qərara alırlar. Dediyim kimi, əvvəlki vaxtlarla müqayisədə hazırda insanlar daha çox ehtiyat edirlər, müəyyən maneələr olduğu üçün evlilik onlara risksiz, problemsiz görünmür".
Sosioloq Lalə Mehralının fikrincə, boşanmaların sayı o qədər çoxalır ki, insanlar evlənməkdən qorxurlar:
"Necə deyərlər, süddən ağzı yanan insan suyu üfürə-üfürə içir. İndi insanlar dərindən fikirləşib elə qərar verirlər. İnsanlar evləndikdən 1-2 il sonra boşanıb ömrü boyu peşmanlıq çəkmək, aliment ödəmək, problem yaşamaq istəmirlər. Bir az kobud bənzətmə olsa da, evlilik qarpız almağa bənzəyir. İnsanın aldığı qarpızın içinin necə çıxacağı barədə heç bir məlumatı olmur. Ona görə də insanlar evlənərkən boşanma ehtimallarının olacağını da fikirləşirlər.
Boşanmaların bu qədər artdığı bir dövrdə nikahların azalması normaldır. Biz insanların evlənməkdən qorxacağını, evlənmək istəməyəcəklərini anlamışdıq. Normal analiz qabiliyyəti olan hər kəs əvvəlcədən bu vəziyyətin yaranacağını təxmin edirdi".
Sosioloq Elçin Bayramlı isə "Cebhe.info"-ya açıqlamasında bildirib ki, öyündüyümüz ailə institutu məhv olunub, mənəvi dəyərlər dəyişib:
"Boşanmalar artıb, gənclərin evlənmə sayı kəskin azalıb və evlənmə yaşı artıb. Bu vəziyyətin yaranmasında sosial-iqtisadi, mənəvi-psixoloji faktorlar var. Sosial faktorların payı az olsa da, gənclərin evlənməsi üçün onların işi, evi olmalıdır. Bunlar olmadığı üçün gənclər evliliyi ya gecikdirir, ya da ümumiyyətlə, evlənmək istəmirlər. Mənəvi-psixoloji tərəfdən baxsaq, son dövrlərdə insanların psixologiyası, dəyərləri dəyişib. İnsanlar artıq evlilikdən əvvəl karyera planları qururlar, 30-35 yaşa çatdıqda isə evlənmək istəmirlər. Gecikmiş evliliklər isə çox ciddi problemlər yarada bilir.
Ümumdünya Səhiyyə Təşkilatı da 22 yaşı evlənmək üçün uyğun bilir. Amma bizdə təbliğat aparılır ki, gənclər mümkün qədər gec evlənsinlər, karyera qursunlar. Beləliklə, dünyaya gələn uşaqların sayı azalır, milli genefondumuza ciddi zərər dəyir, əhalinin yaşlanması və gənc nəslin azalması vəziyyəti yaranır. Bu, gələcəkdə işçi qüvvəsinin azlığına və pensiyaçıların sayının çoxluğuna gətirib çıxaracaq ki, bu da dövlət üçün ağır yükdür".
O qeyd edib ki, dövlət bu istiqamətdə iki tədbir həyata keçirməlidir:
"Bunlardan birincisi, gənclərin təhsili, işi ilə bağlı ciddi proqramlar olmalı, sosial layihələrlə ev almaları asanlaşdırılmalıdır. “Uşaqpulu” verilməlidir ki, dünyaya gələn uşaqlar normal şəkildə böyüyə bilsinlər. Bununla yanaşı, cəmiyyətdə evliliklə bağlı aparılan mənfi təbliğat dayandırılmalıdır. Gənclərə ailə qurmağın təhsil, iş həyatına maneə törətmədiyi aşılanmalıdır".
Ləman
“Cebhe.info”