“Naxçıvan”ın tələbələri hansı universitetlərə köçürülüb?

“Naxçıvan”ın tələbələri hansı universitetlərə köçürülüb?

"Naxçıvan" Universiteti məhdud məsuliyyətli cəmiyyət (MMC) ləğv edildiyini elan edib.

Ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirmələri istənilir. 

Qeyd edək ki, “Naxçıvan” Universiteti 1994-cü ildən 1999-cu ilə kimi “Naxçıvan” bazası kimi fəaliyyət göstərib. Universitetin təsisçisi və ilk rektoru İsmayıl İsrafil oğlu Əliyev olub. 

Sonralar universitet İsmayıl Əliyevin əlindən alınıb və təsisçi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub.

Ali Məclisin sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra universitetə nəzarət də onun əlindən çıxmışdı.

Bəs bağlanan “Naxçıvan” Universiteti tələbələrinin taleyi necə olacaq? Onlar təhsilini digər ali təhsil ocağında davam etdirə biləcəkmi?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”a bildiriblər ki, hələ bir müddət öncə, cari ilin fevral ayında yayılan məlumata görə, bu universitet bağlanması üçün nazirliyə müraciət edib: 

“Həmin gündən indiyədək o unversitetin bütün tələbələri başqa universitetlərə köçürülüb. Kimin balı hara çatırsa, balına və ixtisasına uyğun olaraq, tələbə köşürülməsi qaydalarına uyğun olaraq hamısı köçürülüb.

Sadəcə bu gün çıxan xəbər odur ki, həmin universitetin 4-cü kursda oxuyan tələbələri var idi və onlar da oxudu qurtardı, hamı məktəbdən çıxdı və bu gün rəsmi olaraq bağlandığını elan edib.

Universitetin bağlanması ilə bağlı bütün proses yekunlaşıb. Bu ali məktəbin tələbələri başqa universitetlərə, böyük əksəsriyyəti də Naxçıvan Dövlət Universitetinə yerləşdirilib”.

Nigar Abdullayeva
“Cebheinfo.az”