QHT sədrlərindən şəhidlərin məlumatlarının silinməsinə etiraz

QHT sədrlərindən şəhidlərin məlumatlarının silinməsinə etiraz

Bir neçə gündür ki, Vikipediyada Qarabağ müharibəsi şəhidlərinin məlumatlarının silinməsi ilə bağlı məlumatlar və ictimaiyyətin kəskin reaksiyaları yayılmaqdadır.

Bu addım Azərbaycan cəmiyyətində dərin narahatlıq doğurub və milli dəyərlərə qarşı hörmətsizlik kimi qiymətləndirilib. Baş verən hadisə QHT sədrlərinin, ictimai fəalların narazılığına səbəb olub. 

"Cebheinfo.az" xəbər verir ki, müxtəlif QHT sədrləri də məsələ ilə bağlı öz fikirlərini QHT.az saytı ilə  bölüşüblər.

“Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlu:

“Solavirum”, “Grenzsoldat”, “Nemoralis”, “Dr.Wiki54” - bu şifrələrdə gizlənən adlar əslində “bizimkilər” imiş: Ayxan Zayıdzadə, Cəlal Cavadov, Nəriman Məmmədli, Cavid Rəsulzadə. Onlar qaçıb gizlənəndə həmyaşıdları Qarabağda qəhrəmanlıq göstərib, düşmənin başına od ələyib, şəhidliyə yüksəlib, Şuşanı, Xocalını, Xankəndini azad edib. Amma bu Vətənin havasını udan, suyunu içən, çörəyini yeyən Ayxan, Cəlal, Nəriman, Cavid kimi Vikipediya adminləri erməni dairələrinin sifarişləri ilə bu qəhrəman şəhid balalarımıza dair minlərlə məqaləni silib, sonra bir min bəhanə ilə hərəkətlərinə guya haqq qazandırmağa çalışırlar. Haram olsun! Bəhruz Səmədov kimiləri ermənilərə qucaq açanda onun “Solavirum”, “Grenzsoldat”, “Nemoralis”, “Dr.Wiki54” kimi dəstəsi də milli xəyanət yolunda olmalı idi. İndi xəbər alıram ki, Azərbaycanla yanaşı, Türkiyənin Vikipediyasında da azərbaycanlı şəhidlər barədə məlumatlar silinir. Bu bədbəxtlər elə bilir ki, onların adlarını silməklə, tarixi silə biləcəklər. Sentyabr ayı Azərbaycan xalqının qəhrəmanlıq dastanlarının yazıldığı aydır. Vətən müharibəsinin başlaması, “Qisas əməliyyatı”, 19-20 sentyabr antiterror əməliyyatı məhz bu ayda baş verib. Şəhidlərimizin məqalələrini silən nanəcibləri, milli xəyanətkarları yaxşı tanıyaq.”

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova:

“Qəhrəman şəhidlərimizin xatirəsi Azərbaycan var olduqca daim yaşayacaq. Heç kim onları yaddaşlardan silə bilməz! Bu nankorlara isə cəmiyyətimizdə yer yoxdur!”

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə:

“Əslində, sevindirici haldır ki, gizlində xalqa xəyanət edənlər üzə çıxır. Tarixdə qəhrəmanlıqları ilə iz qoyan şəhidlərimiz bu mövzuda da xainlərin gözündə tikan ola bilib.”

“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin sədri Taleh Şahsufarlı:

“Bir neçə gündür ki, Vikipediyadan Qarabağ müharibəsi şəhidlərinin məlumatlarının silinməsi haqqında məlumatlar və rəylər paylaşılır. Bəribaşdan deyim ki, mən Vikipediyanın Azərbaycan versiyasının səviyyəsindən olduqca narazıyam. Elmi baxımdan əsası olmayan, manipulyativ çox sayda məlumatlar yer alır. Eyni zamanda, bu platforma Azərbaycan kimliyinə qarşı qərəz və qəsd yuvasıdır. Azərbaycan və azərbaycanlılara qarşı neytrallıq prinsipi pozularaq kütləvi məqalələr yayımlanır. Şəhidlərlə bağlı məsələyə gəlincə, buna haqq qazandırmaq mümkün deyil. Deyilir ki, şəhidlik ensiklopediyaya düşmək üçün yetərli deyil. Bu kökündən yanlışdır. Əvvəla, şəhidlərin böyük əksəriyyəti hərbiçilərdir. Onlar müharibədə xüsusi qəhrəmanlıq göstəriblər, mükafatlarla təltif ediliblər. Azərbaycanın Milli Qəhrəmanları, Qarabağ müharibəsində xüsusi fərqlənən əsgər və zabitlər şəhid olub. Həm özləri, həm də iştirak etdikləri hərbi əməliyyatlara görə barələrində ensiklopedik səhifə olması labüddür. Mülki şəhidlərimiz var. Erməni hücumları nəticəsində həyatlarını itirib, həlak olublar. Onlar barədə də məlumatların silinməsi yanlışdır, təxribatdır. Bu ensiklopedik əhəmiyyəti standartlar baxımından mülki şəxsin həlak olduğu tarixi kontekst, ictimai maraq, ölümün yaratdığı rezonans (məsələn, Gəncə bombalanarkən həlak olan uşaqlar), memoriallaşma (məsələn, Xocalı şəhidlərinə qoyulan abidələr) və s. yaradır. Odur ki, şəhidlər barədə məqalələrin silinməsi Azərbaycana qarşı növbəti ideoloji və informativ diversiyadır, bu diversiyada iştirak edənlər cəmiyyət tərəfindən qınanmalı, dövlət tərəfindən araşdırılmalıdır.”

Qadın Problemlərinin Tədqiqatları Mərkəzinin sədri Sevil Allahverdiyeva:

“Şərəfsiz haramzadələr! Bunlar ömürlük həbs cəzasına məhkum edilməlidirlər. Anaları baxıb fəxr etsinlər yetimçələri ilə.”

Regional Gender Mərkəzinin sədri Şərqiyyə Dadaşova:

“Şəhidlərimizə qarşı bu cür münasibət bağışlanmazdır. Onlar hər zaman bizim qəlbimizdədir. Bu adamlara isə Azərbaycanın dəyərindən və gerçəkliyindən xəbərsiz olmaq yaraşır. Ayıb olsun!”

“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev:

“Kimliyi naməlum, ləyaqətini itirmiş biçarələr!”

“Yeni Həyat” İB-nin sədri Nailə İsmayılova:

“Biz həmişə vətənpərvər gənclərimizlə qürur duymuşuq və onların inkişafı üçün dəstək olmağa çalışmışıq. Amma belə haramzadalara bu torpağın suyu və çörəyi haram olsun. Şəkildən görünür ki, yaxalarında hansısa tədbirlərdən nişanlar da var.”

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyinin sədri Səbinə Kərimova:

“Bunların məqsədləri nə imiş ki, bu cür həyasızlıq ediblər? Şərəfsizlər!”

Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin sədri Rauf Rəcəbov:

“Bunların özlərini təftiş etmək lazımdır. Kimi istəyirlər, məlumatlarını Vikipediyadan silirlər. Şəhidlərimizə qarşı olan bu hərəkətləri bağışlanmazdır. Kim onlara bu ixtiyarı verib? Manqurtlar.”

Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva:

“Bu edilən hərəkət və atılan addımın adı vətənə və millətə xəyanətdən başqa bir şey deyil.”

Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal:

“Bu cür düşmən dəyirmanına su tökən gənclərin olması təəssüf doğurur. Faktiki olaraq bu cür hərəkətlər dövlətimizə və millətimizə xəyanətdir. Buradan aydın olur ki, ölkəmizin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərə vətəndaş cəmiyyəti olaraq diqqətimizi daha da artırmalıyıq.”

İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev:

“Ümumiyyətlə, bunlar haqqında çox ciddi ölçü götürülməlidir! Sentyabr ayında həssas qrupdan olan ailələrə qarşı edilən bu əməl və qəhrəman şəhidlərimizin ruhuna qarşı göstərilən hörmətsizlik bağışlanmamalıdır.”

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova:

“Xəmirləri satqınlıqla yoğrulmuş bu məxluqlar erməni dayılarından aldıqları tapşırıqla qanları ilə tarix yazan şəhidlərimizin adlarını Vikipediyadan silməklə heç nəyə nail ola bilməyəcəklər.”

Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov:

“Torpaqlarımızı azad edən qəhrəmanlarımızın adlarını xalqımızın yaddaşından kimsə silə bilməz. Bu Vətənə və onun dəyərlərinə xor baxanlar da gec-tez elə havadarları kimi haqq etdikləri cəzalarını alacaqlar.”

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə:

“Vikipediya kimi beynəlxalq platformalarda şəhidlərimiz haqqında məlumatların silinməsi, Azərbaycan xalqının tarixində qanla yazılmış qəhrəmanlıq səhifələrinə kölgə salmağa çalışan xəyanətkarların əməlidir. Bu hərəkətlər, yalnız erməni dairələrinin maraqlarına xidmət edir və milli xəyanət kimi qiymətləndirilməlidir. Baş verən hadisə milli düşüncəyə zidd olan bu hərəkətlər hər bir azərbaycanlının dərin narahatlığına səbəb olub. Xüsusilə də, şəhidlərimizə qarşı göstərilən hörmətsizlik onların qəhrəmanlıq irsinə və xatirəsinə qarşı edilən ən böyük haqsızlıq kimi qiymətləndirilməlidir.”

"Cebheinfo.az"