Vəba Azərbaycana da qayıdıb?- “Şübhəli şəxs müəyyən olunarsa...” - RƏSMİ

Ötən il dünyada vəba xəstələrinin sayı 700 mini keçib, 2024-cü ilin yanvarında isə 40 mindən çox insan xəstələnib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Təşkilat xəstəliyin dünyada daha da yayılma riskini çox yüksək qiymətləndirib.
Vəbanın davamlı şəkildə yayılması “2024-cü ilin əvvəlində aydın olur: təkcə yanvar ayında 17 ölkədən 40 900 yoluxma halı və 775 ölüm halı qeydə alınıb”. Xəstəliyin ilin əvvəlindən ÜST-nin altı regionundan dördündə - Afrika, Şərqi Aralıq dənizi, Amerika və Cənub-Şərqi Asiyada qeydə alınıb. Yoluxmaların xüsusilə güclü artımı Zambiya və Zimbabvedə aşkarlanıb.
Azərbaycanda vəba xəstəliyi ilə bağlı vəziyyət necədir?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, kəskin bağırsaq infeksiyalarına aid olan vəba xəstəliyinin yayılması əsasən vəba törədiciləri ilə çirklənmiş su, bəzi hallarda isə qida və təmas yolu ilə baş verir:
"Xəstəliyin hava ilə yayılması mümkün deyil. Ölkəmizdə vəba xəstəliyi ilə bağlı vəziyyət daim nəzarət altında saxlanılır. Ölkəyə daxil olan və ölkəni tərk edən yerli və ya xarici vətəndaşların səhhətində hər hansı oxşar əlamətlər aşkarlanarsa, həmin şəxslər müvafiq tibbi müayinələrdən keçirilir”.
Səhiyyə Nazirliyinin 12 iyun 2019 -cu il tarixli əmrinə əsasən respublika ərazisində vəba xəstəliyinə qarşı genişmiqyaslı tədbirlər həyata keçirilir:
“Belə ki, may ayından başlayaraq oktyabr ayının sonuna kimi ölkə ərazisində vəba xəstəliyinə qarşı bütün qabaqlayıcı tədbirlər, həmçinin su hövzələri üzərində monitorinqlər aparılır. Götürülən nümunələr ayda 2 dəfə olmaqla toplanıb, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilir. Mütəmadi həyata keçirilən laboratoriya müayinələri nəticəsində uzun illərdir ki, vəba törədiciləri aşkar olunmayıb".
Qeyd edilib ki, bir sıra Asiya, Afrika və Cənubi Amerika ölkələrində vəba xəstəliyinin alovlanmaları və tək-tək hadisələri mütəmadi olaraq baş verir və digər ölkələrdən vəba xəstəliyinin ölkəmizə gətirilməsinin qarşısının alınması üçün həm ölkənin sərhəd buraxılış məntəqələrində, həm də ölkə ərazisində etibarlı və sistemli sanitariya-epidemioloji nəzarəti təşkil olunub:
"Xəstəliyin əlamətlərinə görə şübhəli şəxs müəyyən olunarsa, bu zaman Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində laboratoriya diaqnostikasını aparmaq üçün lazımı ləvazimat və reaktivlər var. Son 20 il ərzində vəba xəstəliyi ölkədə qeydə alınmayıb".
Ləman İsmayıl
"Cebhe.info"