COP29-un “yaşıl” səhiyyə və “yaşıl” tibb missiyası Türkiyə mətbuatında - FOTO

COP29-un “yaşıl” səhiyyə və “yaşıl” tibb missiyası Türkiyə mətbuatında - FOTO

Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) şöbə müdiri Günel Məmmədovanın “Yaşıl dünya naminə həmrəylik ili”ndə COP29 Azərbaycanda keçiriləcək” mövzusunda məqalə və müsahibələri qardaş Türkiyənin beynəlxalq arenada yüksək nüfuza sahib mətbu orqanlarında – “Sabah”, “Önce Vatan”, “Yeni Haber” qəzetlərində, TRT-nin Azərbaycan xidmətində, eləcə də World TV Türk, Kanal 26 və Halk TV televiziya kanallarında işıqlandırılıb. 

Gənc alim G.Məmmədova müsahibələrində vurğulayıb ki, “Yaşıl enerji” vadisi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “yaşıl enerji” zonasının yaradılması, cənab Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi və s. kimi nailiyyətlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi barədə mötəbər beynəlxalq qurumun qərarının məntiqli əsasıdır. 

O, həmçinin qlobal səviyyədə önəmli yer tutan “yaşıl” və rəqəmsal iqtisadiyyatın, elmi-texniki tərəqqinin, IV Sənaye İnqilabının çağırışları fonunda “yaşıl” səhiyyənin, “yaşıl” tibbin və “yaşıl” xəstəxanaların əhəmiyyətindən də ətraflı bəhs edib.   

ECM-in şöbə müdiri COP29-un qlobal cəmiyyətin və ətraf mühitin qorunması naminə vacibliyini, “yaşıl” tibb və “yaşıl” səhiyyənin töhfələrini Türkiyə və Azərbaycan mətbuatında təbliği istiqamətində qazandığı uğurlara görə, Türkiyənin World TV Türk, Kanal 34 və Kanal 26 yayım media qruplarının təşəkkürnamələri ilə təltif edilib.

"Cebhe.info"