Bu video “casusluq” sayıldı: Yutuber həbs olundu

Hindistan polisi daha əvvəl Pakistanı ziyarət etmiş və "Instagram" ilə "YouTube" platformalarında səyahət mövzulu paylaşımlar edən bir influenceri “casusluq” iddiası ilə saxlayıb.
“Cebheinfo.az” xəbər verir ki, səyahət influenceri Jyoti Malhotranı casusluqda şübhəli bilinərək nəzarətə götürülüb.
Onun dəfələrlə qonşu Pakistanı ziyarət etdiyi, son səfərini isə 2025-ci ilin mart ayında gerçəkləşdirdiyi bildirilir.
BBC-nin məlumatına əsasən, Haryana polisi Malhotra-nın Pakistan Yüksək Komissarlığında çalışan bir vəzifəli şəxs ilə əlaqə saxladığını iddia edir. Həmin Pakistanlı vəzifəli bu ayın əvvəlində Hindistandan deportasiya olunmuşdu. Malhotranın atası isə qızının casus olduğunu qəti şəkildə rədd edir və onun Pakistan səfərlərini müvafiq icazələr alaraq etdiyini bildirir.
Malhotra özünü sosial media hesablarında “köhnə düşüncəli, lakin müasir bir qız” kimi təqdim edir. Onun "YouTube" kanalında 377 min abunəçisi, "Instagram"-da isə 133 min izləyicisi var. Paylaşımlarında Hindistanın müxtəlif bölgələri ilə yanaşı, Banqladeş, Çin, Tailand, Birləşmiş Ərəb Əmirlikləri və İndoneziya kimi ölkələrə etdiyi səfərlər də əks olunub.
Hindistan polisi sorğu zamanı Malhotraya bu səfərləri hansı maliyyə qaynaqları ilə həyata keçirdiyini də soruşub. Rəsmi qurumların iddiasına görə, onun etdiyi beynəlxalq səyahətlər məlum gəlir mənbələrini üstələyir.
Polisin versiyasına əsasən, Malhotra Pakistan kəşfiyyat agentləri ilə əlaqə saxlayıb və daimi şəkildə bir Pakistan vətəndaşı ilə ünsiyyətdə olub. Onlar Malhotranın Yeni Dehlinin İslamabadla olan əlaqələri haqda məlumat verdiyini və Pahalgam hücumu ilə mümkün bağlılığını araşdırdıqlarını bildirir.
Bildirilib ki, Malhotra digər "YouTube" influencerləri ilə də təmasda olub və sponsorlu səyahətlər çərçivəsində Pakistanı ziyarət edib.
İki ölkə arasındakı gərginlik artmaqda davam edərkən, Malhotra ilə əlaqədə olduğu iddia edilən pakistanlı vəzifəli Ahsan-ur-Rahimdən Hindistanı tərk etməsi tələb olunub.
Əfsanə Rəcəb
“Cebheinfo.az”