COP28 sammiti: Bu gün başlayan sammit niyə önəmlidir?
Dünya liderləri iqlim böhranını müzakirə etmək üçün Dubayda BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP) bir araya gələcəklər.
Cebhe.info xəbər verir ki, bu il 28-ci dəfə keçiriləcək konfransda iqlim dəyişikliyinin necə məhdudlaşdırıla biləcəyi və gələcəkdə hansı tədbirlərin görüləcəyi müzakirə olunacaq. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək sammit noyabrın 30-dan dekabrın 12-dək davam edəcək.
"Tərəflərin Konfransı" mənasını verən Conference of the Parties (COP) 1992-ci ildə iqlim dəyişikliyi sazişini imzalayan ölkələri bir araya gətirən təşkilatdır. BƏƏ dünyanın ən çox neft hasil edən 10 ölkəsindən biridir. Dövlət neft şirkətinin rəhbəri Sultan Əhməd Əl Cebir konfransın sədri seçilib. Neft kömür kimi qalıq yanacaq mənbəyidir. Qalıq yanacaqlar yandırıldıqda dünyanın isinməsinə yol açan karbon qazı kimi qazlar buraxdığı üçün iqlim dəyişikliyinin əsas səbəbi olaraq görülür.
El Cebirin rəhbərlik etdiyi şirkət neft hasilat imkanlarını genişləndirmək istəyir. BƏƏ yeni neft və qaz müqavilələri bağlamaq üçün ev sahibi rolundan istifadə etmək istəyir. Konfransın 2015-ci ildə Parisdə razılaşdırıldığı kimi qlobal istiləşməni 1,5 dərəcədə saxlamaq məqsədini canlandıracağı gözlənilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinə (IPCC) görə, yerin iqlim böhranından ciddi şəkildə təsirlənməsinin qarşısını almaq üçün istiləşməni 1,5 dərəcə saxlamaq çox vacibdir.
Konfransın digər məqsədləri arasında 2030-cu ilə qədər təmiz enerji mənbələrinə keçidin sürətləndirilməsi və iqlim böhranı ilə mübarizə üçün yoxsul ölkələrə maliyyə yardımının toplanması daxildir. Konfransa 200 hökumət dəvət olunub.
ABŞ Prezidenti Cozef Bayden və Çin sədri Si Cinpin konfransa gəlməyəcək, lakin bu ölkələr də təmsil olunacaq. Konfransda Türkiyədən Prezident Ərdoğan və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki iştirak edəcək. İqlim Dəyişiklikləri Təşkilatının prezidenti professor. dr. Halil Hasar da konfransda olacaq. İngiltərədən Baş nazir Rişi Sunak və Kral Çarlz iştirak edir.
Nigar
Cebhe.info