Fələstin Böyük Britaniyanı beynəlxalq məhkəməyə verib

Fələstin Böyük Britaniyanı beynəlxalq məhkəməyə verib

Fələstinin insan haqları təşkilatı "Al-Haq" Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyini Haaqa Beynəlxaq Məhkəməsinə verib.

"Cebheinfo.az" xəbər verir ki, onlar Britaniya hökumətini İsrailə "F-35" döyüş təyyarələri üçün həyati əhəmiyyətli ehtiyat hissələri ixrac etməkdə ittiham edirlər.

Söhbət, bu təyyarələrin Qəzzada dağıdıcı hücumlarda istifadə olunmasından gedir.

“Al-Haq”ın vəkilləri bildirirlər ki, Böyük Britaniyanın bu hissələrin ixracını davam etdirməsi, ölkənin beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəlikləri xüsusən də soyqırımın qarşısını alma vədinə ziddir. Onlar hesab edir ki, Britaniya silah ixracını dayandırmalı idi.

Halbuki hökumət bu qərarını belə izah edir: 

“Əgər bu ehtiyat hissələrinin ixracı dayandırılsa, bu, yalnız İsrailə deyil, "F-35"-lərə malik olan NATO ölkələrinə də mənfi təsir edər”.

Britaniya rəsmiləri bildirir ki, bu komponentlər qlobal şəkildə paylaşılır və onların verilməməsi təyyarələrin texniki xidmətində ciddi problemlər yarada bilər.

Qeyd edək ki, ötən ilin sentyabrında Britaniya bəzi silahların İsrailə ixracını dayandırmışdı.

Bu, Qəzzadakı vəziyyətlə bağlı aparılan araşdırmalar zamanı İsrailin beynəlxalq humanitar hüququ pozduğuna dair ehtimalların üzə çıxmasından sonra baş vermişdi. Amma “F-35” döyüş təyyarələri üçün hissələr bu qadağadan kənarda saxlanılıb.

Xatırladaq ki, beynəlxalq insan haqları təşkilatları isə bu qərardan narahatdır. Dünyanın 230-dan çox təşkilatı İsrailə hərbi təchizatın dərhal dayandırılması üçün Avstraliya, Kanada, Niderland, Norveç, ABŞ, Britaniya və digər ölkələrin hökumətlərinə rəsmi çağırış göndərib.

Onlar bildirirlər ki, İsrailin son əməliyyatları beynəlxalq hüquqa açıq-aşkar ziddir və “F-35” döyüş təyyarələri bu qanun pozuntularında istifadə olunur.

Məhkəmənin bu işlə bağlı verəcəyi qərar Böyük Britaniyanın həm beynəlxalq öhdəliklərinə, həm də silah ixracı siyasətinə ciddi təsir edə bilər.

Səbinə Uğur
"Cebheinfo.az"