Fransa müharibəyə hazırlaşır: 25 il sonra

Fransa müharibəyə hazırlaşır: 25 il sonra

Fransa Rusiya ilə mümkün bir toqquşma qorxusunun artması səbəbindən 25 il əvvəl ləğv edilmiş hərbi xidmətin məhdud bir formasını yenidən tətbiq edəcək.

"Cebheinfo.az" xəbər verir ki, Prezident Emmanuel Makron gənc qadın və kişilərin könüllü şəkildə 10 aylıq ödənişli hərbi təlim alacağı yeni proqramı təqdim edib.

Bildirilir ki, proqram gələn yaydan mərhələli şəkildə tətbiq olunmağa başlayacaq. İlk mərhələdə 18 və 19 yaşlı gənclər proqramda iştirak edəcək və onlara ayda ən azı 800 avro ödəniləcək.

Makron Qrenobl yaxınlığındakı piyada bazasında çıxışı zamanı “Təhlükədən qaçmağın yeganə yolu ona hazır olmaqdır. Özümüzü müdafiə etmək, ayıq olmaq və hörmət görmək üçün milləti səfərbər etməliyik”, – deyə bildirib. O, bu xidmətin “gəncliyə duyulan etibarın göstəricisi” olduğunu vurğulayıb.

Tətbiqin ilk mərhələdə 2026-cı ildə 3.000 gənci əhatə edəcəyi, 2035-ci ilədək isə bu sayın 50.000-ə yüksəldilməsinin planlaşdırıldığı açıqlanıb. Fransanın hazırda 200000 hərbçisi və 47000 ehtiyat heyəti var. Yeni sistemlə peşəkar hərbçilər, ehtiyat qüvvələr və könüllülərdən ibarət üçpilləli struktur yaradılması hədəflənir.

Son vaxtlar Fransanın siyasi və hərbi rəhbərləri Rusiya ilə mümkün qarşıdurmaya hazırlığın vacibliyini tez-tez vurğulayırlar. Baş Qərargah rəisi general Fabien Mandon hərbi planlamanın “qarşıdakı üç-dörd il ərzində Rusiya ilə qarşılaşma ehtimalı üzərində qurulduğunu”  və “müharibədə gənc itirməyə hazır olmaq lazım olduğunu” bildirib. Bu açıqlamalar böyük narazılıq yaradıb və Makron gənc könüllülərin Ukraynaya göndərilməyəcəyini qəti şəkildə bəyan edib.

Xatırladaq ki, Fransada məcburi hərbi xidmət 1996-cı ildə o zamankı prezident Jak Şirak tərəfindən ləğv edilmiş, 2001-ci ildə isə tam olaraq sonlandırılmışdı. Ölkədə hələ də məktəbli gənclərin “Müdafiə və Vətəndaşlıq Günü”nə qatılması məcburidir.

Yeni planın maliyyələşdirilməsinin necə təmin olunacağı isə sual altındadır. Fransa ciddi borc böhranı ilə üz-üzədir və parlament 2026-cı il büdcəsini hələ də təsdiq etməyib.

Nigar Hacılı 
"Cebheinfo.az"