İranda yeni hicab qanunu: Əxlaq polisi ləğv ediləcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf yeni hicab qanunu çərçivəsində əxlaq polisinin ləğv ediləcəyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Qalibaf "X"-dəki paylaşımında ölkədə əxlaq polisinin ləğv ediləcəyini açıqlayıb. Qalibaf “Yeni qanunda əxlaq polisi tamamilə ləğv edilib”, - deyə bildirib. Xatırladaq ki, 2022-ci ilin sentyabrında İranda məcburi hicab qaydasını pozduğu üçün saxlanılan Məhsa Əmininin polis nəzarətində öldürülməsinə reaksiya verənlər təxminən 4 aya yaxın davam edən etiraz aksiyaları keçiriblər. Bu prosesdə İranda yüzlərlə insan həyatını itirib.
Etirazlardan sonra böyük şəhərlərdə qadınların ictimai yerlərdə hicab qaydalarına əməl etmədiyi görünürdü. Hicab qanununun pozulması halları artdıqca, əvvəlki hökumət qaydaya əməl etməyənlərə qarşı cərimələr, bank xidmətlərinin qarşısının alınması və ictimai fəaliyyətin qadağan edilməsi kimi sanksiyalar tətbiq edən qanun layihəsi hazırlaylb. Qanun layihəsi 2023-cü ilin sentyabrında parlament tərəfindən qəbul edildi.
Seçki kampaniyası zamanı qanunu tez-tez tənqid edən Məsud Pezeşkian prezident seçildikdən sonra qanunun icrası dayandırılıb. Bəzi mühafizəkar siyasətçilər və din xadimləri qanunun həyata keçirilməsinin vacibliyini müdafiə edirdilər.
Xüsusilə Tehranda hicab qaydalarına əməl etməyənlərin sayının artdığı və bu mövzuda heç bir təzyiqin olmadığı müşahidə edilib. Parlament sədri Qalibaf məcburi hicab qanununun Milli Təhlükəsizlik Şurasının qərarı ilə həyata keçirilmədiyini açıqlayıb. Prezident Pezeşkiyan qanunun icrası ilə bağlı çağırışlara “Dövlət qanunlarına görə, xalqın əksəriyyətinin qarşı çıxdığı qanunları həyata keçirmək mümkün olmayacaq”,- deyə cavab vermişdi.
Nigar Hacılı
"Cebheinfo.az"