Los Ancelesdəki iğtişaşlara qarşı daha sərt tədbirlər görülə bilər

Los Ancelesdə vəziyyəti sabitləşdirmək üçün daha qətiyyətli addımlar tələb olunarsa, ABŞ administrasiyası tərəddüd etməyəcək.
Bunu ABŞ-nin Baş prokuroru Pem Bondi CNN-ə açıqlamasında deyib.
“Hazırda Kaliforniyada yaxşı vəziyyətdəyik. Daha da irəli getməkdən qorxmuruq. Başqa bir şey etmək lazım gəlsə, qorxaq davranmayacağıq”, - deyə o, ölkə daxilində asayişi qorumaq üçün ABŞ Silahlı Qüvvələrinin istifadəsinə imkan verəcək üsyan aktının (Insurrection Act) tətbiqinin mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
Bondinin sözlərinə görə, administrasiya Los Ancelesdə qüvvədə olan komendant saatının gərginliyi azaltmağa kömək edəcəyinə ümid edir. Bununla belə, o, federal orqanların da hərəkətə keçməyə hazır olduğunu vurğulayıb.
“The New York Times” qəzetinin yazdığına görə, Los Anceles, Mişn Vyexo (Kaliforniya ştatı), Yucin (Oreqon), Roli (Şimali Karolina), San Antonio (Texas), Sietl (Vaşinqton) və Sent Luisdə (Missuri) administrasiyanın miqrasiya siyasətinə qarşı etiraz aksiyaları gözlənilir.
Çərşənbə günü 700 dəniz piyadası Los Anceles küçələrində Milli Qvardiya qoşunlarına qoşularaq patrul növbəsində olacaq. Dəniz Piyadaları və Milli Qvardiyaçılar ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentlərini öz işlərini görərkən qoruyacaqlar, lakin həbslərdə iştirak etməyəcəklər.
İyunun 9-da Daxili Təhlükəsizlik Departamentindən bildirilib ki, ICE indi immiqrasiya pozuntularına görə gündə 2 min nəfəri saxlayır. Halbuki 2024-cü ildə əvvəlki ABŞ Prezidenti Co Baydenin dövründə bu rəqəm 311 nəfər idi.
"Cebheinfo.az"