Marin Le Pen prezidentliyə namizəd ola bilməyəcək

Paris məhkəməsi siyasətçi Marin Le Pen və "Milli Birlik" partiyasından olan səkkiz deputatı parlament assistentləri üçün ayrılan vəsaitlərin mənimsənilməsi işində təqsirli bilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "TASS" məlumat verib.
Le Pen Avropa Parlamentində assistentlərin işə götürülməsi üçün nəzərdə tutulan vəsaitləri öz məqsədləri üçün istifadə etməkdə ittiham olunub.
Ümumilikdə, bu iş üzrə 12 assistent də məhkum edilib və məhkəmə vurğulayıb ki, onların məqsədi şəxsi mənfəət əldə etmək yox, partiyanın ehtiyaclarını qarşılamaq olub. Ümumi ziyanın məbləği 4 milyon avro olaraq qiymətləndirilib.
Məhkəmənin qərarına əsasən, Le Penin seçki hüququ dərhal məhdudlaşdırılıb ki, bu da onun 2027-ci ildə prezidentliyə namizəd olmasına ciddi maneə yarada bilər.
O, hökm elan olunduqdan sonra məhkəmə zalını sakit şəkildə tərk edib.
Bununla belə, məhkəmənin qərarının dərhal icra olunub-olunmayacağı, yoxsa apellyasiya üçün vaxt verilib-verilmədiyi hələ dəqiq bilinmir.
Bu detal Le Penin 2027-ci ildə prezidentliyə namizəd olub-olmayacağını müəyyən edəcək.
Parlament assistentləri ilə bağlı istintaq 2014-cü ildə başlanıb. Həmin vaxt Avropanın Fırıldaqçılıqla Mübarizə Bürosu (OLAF) Le Peni 339 min avronu geri qaytarmağa çağırmışdı.
O, Avropa Parlamentinin vəsaiti hesabına öz katibliyinin rəhbəri Ketrin Qrizeyə və mühafizəçisi Tyerri Lejyeyə əməkhaqqı ödəməkdə ittiham olunurdu.
Lakin istintaqın iddiasına görə, bu şəxslər əslində Avropa Parlamentində yox, "Milli Birlik" partiyasında işləyirdi.
Le Penlə yanaşı, Perpinyan meri Lui Aliot və partiyanın sabiq vitse-prezidenti Brünqo Qolniş də istintaqa cəlb olunub.
Prokurorluq Le Pen üçün beş il həbs və eyni müddətə seçki hüququndan məhrum edilmə cəzası tələb edirdi.
Marin Le Pen məhkəmə prosesində ittihamları qəti şəkildə rədd edərək, bu işin "partiyanı məhv etmək üçün siyasi bir addım" olduğunu bildirib.
Səbinə Uğur
"Cebheinfo.az"