Məhbuslar döyüşə göndəriləcək

Məhbuslar döyüşə göndəriləcək

Ukrayna parlamenti həbsdə olan məhbusları səfərbərliyə cəlb edən qanun layihəsini qəbul edib. 

"Cebhe.info" xəbər verir ki, parlament üzvü Oleksiy Qonçarenko sosial media hesabından verdiyi açıqlamada sözügedən qanunun 279 səslə qəbul edildiyini, beləliklə, bəzi kateqoriyalı məhbusların Ukrayna silahlı qüvvələrinə cəlb olunacağını bildirib. Sözügedən qanunun müəlliflərindən biri olduğuna diqqət çəkən Qonçarenko "Mən xırda cinayətlərə görə məhkum olunmuş məhbusların vətənlərini müdafiə etmək hüququna malik olması ilə bağlı müvafiq qanun layihəsini çoxdan qeydə almışam. Biz məhbuslara əgər istəyirlərsə mübarizə imkanı verməliyik",-deyib. Qonçarenko qəsdən adam öldürmə, zorlama, cinsi zorakılıq və milli təhlükəsizliyə qarşı cinayətlərdə günahkar bilinənlərin səfərbərliyə cəlb edilməyəcəyini deyib.

Hakim “Xalqın Xidmətçisi” Partiyasının Parlament Qrupunun sədri David Arahamiya açıqlamasında 15-20 min məhbusun səfərbərliyə cəlb oluna biləcəyini ifadə edib: “Onlardan neçəsinin müqavilə imzalayacağını bilmirik. Bu, tərəflərin razılığı ilə baş verəcək. Bir neçə min nəfər olacağını təxmin edirik”.

Arahamiya məhkəmə qərarından sonra məhbusların səfərbərliyə cəlb oluna biləcəyini bildirib. 

Nigar Hacılı 
"Cebhe.info"