Mehmet Muş: “Prezident seçkilərinin nəticəsi gün ərzində açıqlanacaq”

Mehmet Muş: “Prezident seçkilərinin nəticəsi gün ərzində açıqlanacaq”

“Prezident seçkilərinin nəticəsinin gün ərzində açıqlanacağını düşünürəm”.

“Report” xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş prezident seçkilərinin ikinci turunda səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, seçkilərin sakit keçdiyini vurğulayıb:

“İndi söz millətindir. Yerli vaxtla saat 17:00-dan sonra məntəqələr bağlanacaq və səslərin hesablanmasına başlanacaq. Fikrimcə, səslər sürətlə hesablanacaq. Nəticələrin açıqlanmasının uzun çəkəcəyini düşünmürəm".

Nazir söyləyib ki, nəticənin nə olmasından asılı olmayaraq millətin iradəsinə hörmət edilməlidir.

Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı ikinci turu keçirilir.

İlk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.

Cebhe.info