Özgür Özəl: "Əgər İmamoğlu olmasa, yeni namizəd..."

Korrupsiya iddiaları ilə bağlı həbs olunan İstanbul Böyük Şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun məhkəmə qarşısına çıxmasından əvvəl, CHP sədri Özgür Özəl səhər saatlarında canlı yayımda diqqətçəkən açıqlamalar verib.
“Cebheinfo.az” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, "Sözcü TV"yə müsahibəsində danışıb.
O, aparıcının “Əkrəm İmamoğlu namizəd olmasa nə olar?” sualına belə cavab verib:
“Çox açıq deyirəm: Namizədin kim olmasının fərqi yoxdur”.
Özəl bildirib ki, partiya namizədin irəli sürlməsi ilə bağlı seçki kampaniyasını təşkilat və digər bələdiyyə sədrləri ilə birlikdə aparacaq:
“İmamoğlu içəridə və ya çöldədir, amma siyasi qadağa gəldi. Məsələn, əgər namizədlik üçün müraciət etdiyi gün diplomu hələ də qaytarılmayıb. Mən yenə də inanıram ki, bu qərar ləğv olunacaq. Amma əgər ləğv edilməzsə və ya siyasi qadağa qüvvədə qalarsa, o zaman İmamoğlu namizəd ola bilməz.
Belə olan halda, o, azadlıqdadırsa, kampaniyanı avtobusun üzərində aparacaq. Müxtəlif şəhərlərdə birini o, birini mən, birini Mansur Yavaş, digərlərini millət vəkilləri və partiya funksionerləri aparacaq.
Bir yerdə Ali Mahir Başarır, başqa bir yerdə Murat Emir, digər bölgələrdə isə partiyanın başqan müavinləri avtobusun üstünə çıxacaq. Rəsmi sənədlərdə yalnız bir namizəd olacaq, lakin kampaniyanı hamımız birlikdə aparacağıq. Əkrəm bəy də aktiv şəkildə iştirak edəcək”.
Özgür Özəl qeyd edib ki, əgər Əkrəm bəy həm həbsdə, həm də siyasi qadağa altında olarsa, o zaman seçki kampaniyasını televiziyadan izləyər, lazımi qeydlər aparar və bizimlə məsləhətləşmələrdə iştirak edər:
“Biz 81 vilayətdə dünyanın ən böyük kampaniyasını apara bilərik. Onsuz da o seçki buna dönər. Əkrəm İmamoğlu həbsdə qalsın, yoxsa azad olsun? Bu, bir növ referenduma çevriləcək: Türkiyədə demokratiya olsun, yoxsa avtokratiya? Belə vəziyyətdə namizədin kim olmasının fərqi yoxdur.Bu kontekstdə ilk dəfə açıqlayıram. Ən çox səsi kim toplayacaqsa, Əkrəm bəy həbsdədirsə, o şəxs namizəd olacaq.
Amma bu namizədlik, xalqın namizədi olan Əkrəm İmamoğlunun siyasi qadağasının aradan qaldırılması, onun həbsdən azad olunması və yenidən seçilmək hüququna qovuşması üçün nəzərdə tutulmuş bir namizədlikdir.
O namizəd olan dostumuz kim olur-olsun, Əkrəm bəy gələndən sonra o başqa bir vəzifəyə keçəcək. Əkrəm bəy isə icra orqanına rəhbərlik edəcək. Əgər baş nazirdirsə, baş nazir olar. Əgər prezidentliksə, prezident olacaq”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”