Mövsümdən əvvəl satışa çıxarılan meyvələr: Əsl vitamin deposudur?

Mövsümdən əvvəl satışa çıxarılan meyvələr: Əsl vitamin deposudur?

Mövsümdən əvvəl bazara çıxarılan meyvələr, xüsusilə alça və çiyələk, gilas cazibədar görünüşləri ilə istehlakçıları cəlb etsə də, təbii dad və vitamin baxımından kifayət qədər faydalı olmaya bilər.

Maraqlıdır, mövsümündən əvvəl bazarlarda və marketlərdə satılan bu meyvələrin tərkibində müxtəlif minerallar, vitaminlər var?

İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”a açıqlamasında bildirib ki, daha xoş görünümlü meyvələr əslində çox aşağı kateqoriyalı, zərərli və geni dəyişdirilmiş bir məhsuldur.

Ekspertin sözlərinə görə, bunlar hamısı hibritləşdirilmiş meyvələrdir:

“Bu gün bazarlarda və marketlərdə satılan bu meyvələr 20-30 il əvvəl yetişdirimiş meyvələr deyil. Demək olar ki, artıq bütün meyvələrin geni modifikasiya olunub, yəni geni dəyişdirilib.

Məsələn, bizim dövrümüzdə indiki ölçüdə, həcmdə nə alça, nə gilas, nə də çiyələk vardı. Ovaxtlar çiyələklər fındıq boyda olurdu. Yaşıl alça da çiyələk boyda idi. Daha iri ölçülü alçaya isə çox nadir hallarda rast gəlinirdi.

Bazarlarda bir qədər böyük və gözəl ağ ərik satılırdı. Digər ərik növləri isə daha kiçik ölçüdə olurdu. Amma bu meyvələrin kiçik ölçülü olmasına baxmayaraq, dadı, ətri, şirinliyi və vitaminlə zənginliyi indiki meyvələrlə müqayisə olunmaz dərəcədə üstün idi”.

Onun sözlərinə görə, meyvənin dadlı olması onun tərkibində vitaminlərin zəngin olduğunu göstərir:

“Belə ki, meyvənin turş, şirin və ya fərqli dada malik olması onda müxtəlif vitaminlərin mövcudluğundan xəbər verir. Vitaminlərin də hərəsinin özünəməxsus bir dadı var.

İndi isə həmin meyvələr əsasən vitrinə və piştaxtaya uyğunlaşdırılıb. Onların görkəminin, cazibədar görünməsinin arxasınca qaçılıb hibritləşdirilib. Məhsulların zahiri görünüşünə üstünlük verilir, daxili keyfiyyəti, vitamin zənginliyi isə arxa plana keçir.

Ona görə də bu gün yazda, yayda və payızda satışa çıxarılan bütün meyvələr hibritləşdirilib. Onların əvvəlki təbii quruluşu və tərkibi, xüsusilə də vitamin zənginliyi azalıb”.

Eksperti qeyd edib ki, “yay çiyələyinin vitamini daha çoxdur” fikri yanlışdır, onların hamısı eynidir:

“Məsələn, alma yeyirsinizsə, onu iki yerə bölüb bir müddət stolun üzərində saxlayın. Əgər kəsilmiş səthdə pasabənzər bir təbəqə əmələ gəlirsə, deməli, o almanın tərkibində dəmir, yəni perium elementi var. Əgər belə bir dəyişiklik baş vermirsə, deməli, tərkibində perium yoxdur. Halbuki almanın əsas elementi, qida dəyəri məhz o dəmirdir.

Bəzən deyirlər ki, mövsümə uyğun olaraq yazda çıxan çiyələyin vitamini az, yayda çıxanın isə çox olur. Onu deyim ki, bu fikr kökündən yanlışdır, onların hamısı eynidir. Məhz müxtəlif dövrlərdə bir hissəsi onun istixanalarda yetişir, yayda isə açıq havada yetişir”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”