Priqojin: "Rusiya NATO ilə müharibə etmir"

ABŞ-dakı Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında qeyd olunur ki, "Vaqner"-in yaradıcısı Yevgeni Priqojin Kremlin Rusiyanın Ukraynada NATO ilə müharibə aparması ilə bağlı iddialarına qarşı çıxıb.
Cebhe.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Nəşr ISW-nin hesabatdan sitat gətirib ki, “Vaqner” qrupunun maliyyəçisi Yevgeni Priqojin, çox güman ki, Baxmutda muzdlu qüvvələrini tamamilə itirmək qorxusundan Rusiya Müdafiə Nazirliyinə qarşı ritorikasını yumşaldıb.
Bundan əlavə, o, Kremlin Rusiyanın Ukraynada NATO ilə müharibə aparması ilə bağlı iddialarını təkzib edib.
Bu arada Priqojin qeyd edib ki, Rusiya yalnız NATO-nun təchiz etdiyi avadanlıqla təchiz edilmiş ukraynalılarla və Ukraynanı dəstəkləmək üçün könüllü olan bəzi rusofob muzdlularla döyüşür: "Lakin NATO-nun özü ilə deyil", - deyə o vurğulayıb.
Qeyd edək ki, "Vaqner" Rusiyanın özəl hərbi şirkətidir. Bu şirkət maliyyə gəlirləri əldə etmək üçün hərbi xidmətlər göstərir.
Sevinc Tapdıqqızı
Cebhe.info