Supergüclərin “sülh” savaşı: “Moskva heç bir vəchlə...”
“Moskva Vaşinqton və Brüsselə Azərbaycan-Ermənistan sülh prosesində təşəbbüsü ələ almağa imkan verməyəcək”.
Bunu Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinin müəllimi Sultan Zahidov “Cebheinfo.az”-a şərhində Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanla bağlı bəyanatını şərh edərkən deyib.
O bildirib ki, Qərb sülh prosesində təşəbbüsü ələ almağa çalışdığı təqdirdə Moskva bu prosesə əngəl törətməyə çalışacaq:
“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan sülh prosesi üzrə üç format - Moskva, Brüssel və Vaşinqton formatları fəaliyyət göstərməyə başlayıb. Bu formatlarda şifahi razılaşmalar əldə olunsa da, heç bir ciddi razılıq müşahidə olunmayıb.
Çünki Moskva, Brüssel və Vaşinqton arasında Cənubi Qafqaz regionu üzərində geosiyasi rəqaət gedir. Bu rəqabət getdiqcə daha da güclənir.
Heç bir şəkildə inkar oluna bilməz ki, Moskva Brüssel və Vaşinqtonun sülh prosesində təşəbbüslərinin həyata keçməsinə əngəl yaradıb.
Moskva heç bir vəchlə Brüssel və Vaşinqtonun Cənubi Qafqazda möhkəmlənməsinə imkan verməyəcək. Kreml çox yaxşı anlayır ki, Qərb güc mərkəzləri Azərbaycan-Ermənistan sülh prosesi fonunda bu regionda təsir imkanlarını artırmağa çalışacaq.
Moskvanın belə bir geostrateji mövqeyi var ki, postsovet regionunda bütün regional proseslər yalnız Rusiyanın vasitəçiliyi ilə nizamlanmalıdır. Buna görə də Moskva Azərbaycan-Ermənistan sülh prosesində, o cümlədən iki ölkə arasında sərhəd ərazilərin delimitasiya və demarkasiya prosesində özünü yeganə vasitəçi kimi görmək istəyir”.
Sultan Zahidov qeyd edib ki, Qərb Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın postsovet məkanında geosiyasi nüfuzunu zəiflətmək niyyəti güdür:
“Cənubi Qafqaz strateji cəhətdən önəmli bir regiondur. Bu region üzərində beynəlxalq və regional güc mərkəzlərinin maraqları toqquşur.
Qərb güc mərkəzləri - ABŞ, Avropa İttifaqı və Fransa bu regionda öz maraqlarını həyata keçirmək istəyir.
Həm enerji təhlükəsizliyi, həm nəqliyyat kommunikasiyalar, həm də Rusiyanın zəiflədilməsi baxımından Qərb üçün əhəmiyyətlidir. Qərb bu mübarizədə Ermənistandan məharətlə istifadə edir.
Əgər Qərb sülh prosesinə yenidən daxil olub fəallığını artırarsa, şübhəsiz ki, Rusiya bu prosesə əngəl yaradacaq. Amma bir məqamı da vurğulayım ki, hazırda Azərbaycan və Ermənistan arasında danışıqlar ikitərəfli formatda keçirilir. Əgər bu proses bu şəkildə davam edəcəksə, Rusiya prosesə kənardan müşahidə edəcək”.
Yunis Abdullayev
“Cebheinfo.az