"Virus müharibəsi" davam edir: “Zəhərli qazlar, keyfiyyətsiz qidalar...”

"Virus müharibəsi" davam edir: “Zəhərli qazlar, keyfiyyətsiz qidalar...”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri hipervirulent Klebsiella pneumoniae və ya Klebsiella kimi tanınan antibiotiklərə davamlı bakteriyanın bütün dünyada sürətlə yayılması barədə xəbərdarlıq ediblər. 

Bu barədə ÜST-nin rəsmi saytında məlumat verilib.

Klebsiella pnevmoniya, sidik yollarının infeksiyaları, meningit və digər ciddi xəstəliklərə səbəb olan patogen mikroorqanizmdir. Bakteriyanın hipervirulent ştammı daha böyük təhlükə yaradır, çünki o, hətta sağlam immun sistemi olan insanlar üçün də təhlükəlidir və sürətlə irəliləyən, ölümcül infeksiyaya səbəb olur. 

Klebsiella antibiotikə davamlıdır. Çünki, bakteriya son illərdə həm köhnə, həm də müasir olan digər antimikrob dərmanlardan qorunma əldə edib. ÜST aydınlaşdırıb ki, bu gün Klebsiella 16 ölkədə, o cümlədən ABŞ, Çin, Yaponiya, Hindistan, İran, Kanada və Böyük Britaniyada aşkar edilib.

Məsələ ilə bağlı farmokoloq-həkim Aydın Əliyev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bizim ölkəmizdə də belə bir mühit var:

"Bakıda çirklənmə normadan təqribən 2 dəfə çoxdur. Ümumi olaraq dünyada xəstəliklər, peyvəndlər bilərəkdən və yaxud da bilməyərəkdən yayılır. Daha çox məqsədli olaraq yayıldığı qəanətindəyəm. Bu xəstəliklər də müharibənin bir variantıdır.

Ölkələr yeni zavodlar açırlar, keyfiyyətsiz qidalarla, hava ilə xəstəliklər törədirlər. Daha sonra dərman, peyvənd istehsalına başlayırlar. Məhz bunun nəticəsində də məqsədyönlü surətdə xəstəliklər yayırlar.

Texnikalar, silahlar artır, buxarlı, zəhərli qazlar insan sağlamlığını məhv edir. Bu xəstəlik törədicilərə görə, demək olar ki, artıq Üçüncü Dünya müharibəsi başlayıb. Bir virus törədirlər, daha sonra bu virusların ştamları ortaya çıxarılır. Bu müharibənin özüdür".

Ləman İsmayıl
"Cebheinfo.az"