Xüsusi nümayəndə: Pekin Ukrayna böhranının tezliklə həllinə ümid etmirdi
“Pekin Ukrayna böhranının tezliklə həllinə ümid etmirdi”.
APA Çin Dövlət Televiziyasına (CGTN) istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey mətbuat konfransında deyib.
Çin xüsusi nümayəndəsi bildirib ki, rəsmi Pekin onun Avropaya səfərinin nəticəsi kimi Ukrayna böhranı ilə bağlı qısa zaman ərzində nəticələrin əldə olunacağını gözləmirdi və bu səfərin məqsədi tərəflər arasında mövqelərin bir-birinə yaxınlaşmasına nail olmaq idi:
"Mənim səfərimin məqsədi sürətli nəticələr əldə etmək deyildi. Bütün tərəflərin mövqeləri ilə tanış olub daha yaxşı anlamaq və sülh danışıqlarının irəliləməsi ilə bağlı Çinin mövqeyini çatdırmaq olduqca vacibdir", - deyə Li Xuey qeyd edib.
O, həmçinin əlavə edib ki, Pekin qarşılıqlı anlaşmaya nail olmaq üçün iştirak edən bütün tərəflərlə dialoqu və ünsiyyəti gücləndirəcək.
Xatırladaq ki, Çin Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey Ukrayna ətrafında vəziyyətin nizamlanmasına dair müzakirələr aparmaq üçün ötən ay Kiyev, Varşava, Berlin, Paris, Brüssel və Moskvaya səfər edib.
Cebhe.info