Akif Nağı nə üçün Şuşa-Ağdam-Xocavənd dairəsini seçdiyini AÇIQLADI

“Builki parlament seçkiləri çox fərqli olacaq”.
Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebhe.info”ya açıqlamasında deyib.
O bildirib ki, hazırda şərait də fərqlidir:
“Çünki torpaqlarımızın işğaldan azad olunduğuna görə Azərbaycanın hər yerində qələbə əhval-ruhiyyəsi var. Seçkilərdə dairələrin sıralanmasında, ərazilərin bölüşdürülməsində də artıq fərqlər var. Torpaqlarımızın işğaldan azad olunması seçki dairələrinə də təsir göstərib. Yəni yeni bir şəraitdə seçki keçiriləcək. Həmçinin, partiyalar arasında sağlam mühit formalaşdırılıb. Düzdür, özünü partiya adlandıran 1-2 təxribatçı qrupları çıxmaq şərtilə bütün partiyaların bir-birilə normal münasibəti var. Partiyalar arasında sağlam rəqabət olduğu üçün seçki də çox yaxşı olacaq”.
Partiya sədri deputatlığa namizədliyini irəli sürməsi barədə də danışıb:
“Mən əvvəl Bakının rayonlarından birindən namizədliyimi irəli sürmək istəyirdim. Sonra isə uzun 30 il ərzində Qarabağ Azadlıq Təşkilatında Qarabağın azadlığı naminə mübarizə apardığımızı düşündüm. Bu gün isə Qarabağ azaddır. Ona görə də namizədliyimi Qarabağ bölgəsindən verməyin daha yaxşı olacağına qərar verdim. Əslində, Qarabağın istənilən bölgəsindən namizəd ola bilərdim, hətta bununla bağlı müraciətlər də olurdu. Mən də bir neçə rayonu əhatə edən bir dairədən namizədliyimi vermək istədim. Bu səbəbdən də 124 saylı Şuşa-Ağdam-Xocavand dairəsini seçdim. Onların hər üçü işğaldan azad olunmuş ərazilərdir”.
Akif Nağı qeyd edib ki, Şuşa-Ağdam-Xocavənd dairəsindəki əhali ilə də yaxşı münasibətləri var:
“Dəfələrlə orada görüşlər keçirmişik. Həmçinin, həmin dairədə partiyamıza da böyük rəğbət var. Düşünürəm ki, orada qələbə və uğur qazanmaq şanslarımız daha çoxdur. Buna görə də Şuşa-Ağdam-Xocavənd dariəsini seçdim. Mən rəqiblərim olan namizədlər arasında tam sağlam və qarşılıqlı hörmət şəraitində seçki mübarizəsinin getməyini istəyirəm. Hesab edirəm ki, sonda qalib gələn namizədi də digərləri tam səmimi şəkildə təbrik edəcəklər”.
Elmir Mustafa
“Cebhe.info”