Region təhlükə qarşısında: “Hasilat işləri dərhal dayandırılmalıdır”

Region təhlükə qarşısında: “Hasilat işləri dərhal dayandırılmalıdır”

Ermənistanın Azərbaycanın qarşı “səssiz terror”u-mina təhlükəsi və ekoloji cinayətləri davam edir.

İşğal zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisinə 1.5 milyondan çox mina basdırılıb. 

Texnika və piyadalar əleyhinə minalar, o cümlədən partlamamış sursatlar bu gündə bölgədə dinc quruculuq işlərinə mane olur, “Böyük qayıdış” layihəsini ləngidən faktor kimi çıxış edir. Qonşu ölkənin dağ mədən sənayesi müəssisələrinin çirkli tullantı suları hələ də transərhəd çaylarımızı zəhərləyir. Su konvensiyasına imza atmayan Ermənistanın məsuliyyətsiz davranışlarına qarşı etirazlar isə səngimir. Azərbaycanın vətəndaş cəmiyyəti və xarici ölkələrdə fəaliyyət göstərən ekoloji yönümlü təşkilatlar dəfələrlə etiraz məktubu ünvanlasa da, erməni tərəfi beynəlxalq konvensiyalara əməl etmək niyyətində deyil. 

“Bu problemlə bağlı Ermənistanla birbaşa danışmaq lazımdır”

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Rövşən Abbasov təəssüflə qeyd edib ki, biz transərhəd çaylarının çirklənməsini idarə edə bilmirik:

“Transərhəd çayı ən azı iki ölkənin ərazisindən keçən çaya deyilir. Lakin bu, daha çox da ola bilər. Məsələn, Kür çayı həm Türkiyə, Gürcüstan və Azərbaycan ərazisindən keçir. Problem ondan ibarətdir ki, biz bu çayların çirklənməsini idarə edə bilmirik. Yuxarıda Türkiyədə, Gürcüstanda bizdən çox su götürülürsə, biz bunu da idarə edə bilmirik. Bu çaylar hər cür zərərli maddələrlə çirkləndirilə bilər. Ermənistandan Azərbaycana 20-dən çox irili-xırdalı çay gəlir. Ağstafa çayı, Həsənsu çayı, Bazarçayı, Oxçuçay, Arpaçay, Bəsitçay. Bunlar Ermənistan Respublikasından Azərbaycana gələn transsərhəd çaylarıdır. Bu çaylar Ermənistan ərazisində çirkləndirilir və çirklənmiş halda Azərbaycan ərazisinə daxil olur. Bu çaylar təhlükəli tullantılarla çirkləndirilir”. R.Abbasovun fikrincə, təhlükəli tullantılar insanla təmas zamanı insan sağlamlığına çox ciddi təsir edə bilən tullantılardır:

“Bunlar ağır metallardır. Bunların başında gəlir qurğuşun, arsen, sink, molibden gəlir. Məsələn, balaca bir uşağın bədəni qurğuşunla çirklənərsə onda beynin inkişafı ləngiyir. Bu uşağın gələcək bacarıqlarına mütləq mənada təsir edir. Arsenlə çirklənmə uşaqlarda qısa boyluluq yaradır. Civə ilə çirklənmə xərçəng kimi sağalmaz xəstəliklər yarada bilir. Oxçuçayın iki qolu var. Bir Kığı qoludur, ermənilər ona Keq deyir, o birisi Noraşenikdir. Oxçuçayın hövzəsində qızıl, molibden, arsen, mis ehtiyatları var ki, onu istismar edirlər. 

Filiz çıxarma zamanı əldə olunan tullantılar birbaşa çaylara axıdılır. 

Sonra heç zaman təmizlənmir. Bəzən qızıl istehsalı çox gəlir və effektiv sahə hesab edilir. Mən belə düşünmürəm. Bir qızıl üzüyü istehsal etmək üçün 20 ton toksik tullantı atılır”. 

Rövşən Abbasov hesab edir ki, transərhəd çayları ilə bağlı məsələ kifayət qədər ciddidir və Cənubi Qafqazın ekosisteminə təhlükə yaradan problem həllini tapmalıdır: 

“Ermənistandan axan transərhəd çaylarının çirklənməsi mövzusu kifayət qədər tarixi bir mövzuya çevrilib. Mən deyərdim ki, təxminən 50 ildən çoxdur ki, bunun müzakirəsi gedir. Hətta daha çoxdur. Ötən əsrin 70-ci illərindən bəri Oxçuçay, onun hövzəsində olan digər kiçik çayların çirklənməsi əlbəttə ki, Qafan şəhəri və onun ətrafında yerləşən çoxsaylı mədənlərdən və emal müəssisələrindən gəlir. Ağır metallarla çirklənmə burada prioritet təşkil edir. Çox təhlükəli metallar olan civə, qurğuşun bu çayların sularında tapılır. Daha az miqdarda arsen də var. Əlbəttə, bu Azərbaycan üçün çox böyük təhlükədir. Hesab edirəm ki, bu problem belə qala bilməz. Bu, sülh sazişi imzalanan kimi həllini tapmalı olan əsas problemdir. Yəni biz heç vaxt gözləməməliyik ki, bu problemi kimsə gəlib həll edəcək. Bu barədə Ermənistanla birbaşa danışmaq lazımdır. Çalışıb müəyyən qədər müvafiq addımlar atılmalıdır ki, bu problem həllini tapsın”.

“Onlar məsuliyyətə cəlb edilməlidir”

“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova isə bildirib ki, bu məsələ ilə bağlı kifayət qədər ciddi təbliğat işləri aparılmalı, beynəlxalq təşkilatların nümayəndələri bölgəyə dəvət edilməli, onlara sözügedən çaylarda monitorinq aparmağa şərait yaradılmalıdır:

“Çox təəssüf ki, Ermənistanın dağ-mədən sənayesində həyata keçirilən işlər beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozmaqla aparılır. Qonşu ölkənin filizçıxarma müəssisələrinin fəalliyyəti ətraf mühitə regional və qlobal təsirlərə yol açır, ciddi ekoloji böhran yaradır. Çoxu köhnə texnologiya ilə işləyən mədən zavodlarının fəaliyyəti təkcə Ermənistanın deyil, qonşu ölkələrin ekosistemini təhdid edir. Bu müəssisələr, çaylarına atılan ağır metallar transsərhəd çaylarının hövzəsində yaşayan flora və faunanın qəniminə çevrilib. Çaylara atılan sənaye tullantıları həmçinin insan sağlamlığına da ciddi təhlükədir. Bu durum regionda yaşayan icmaların da sağlamlığını təhlükə altına atır. Beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan hasilat işləri dərhal dayandırılmalıdır”. 

Ekoloq bildirib ki, Ermənistan tərəfi bu işləri beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqla aparır:

“Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır.  Ermənistan Azərbaycana qarşı bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusən “Yaxşı Səhiyyə və Rifah” üzrə 3-cü, “Təmiz su və Sanitariya” ilə bağlı 6-cı, Məsuliyyətli İstehsal və İstehlak üzrə 12-ci, “İqlim Dəyişikliyinin Fəsadlarına qarşı Mübarizə”yə dair 13-cü, “Torpaq Ekosisteminin Mühafizəsi” üzrə 15-ci Məqsədlərinin tamamilə əleyhinə çıxış edir. Ermənistan həmçinin, Espo konvensiyasının tələblərinə əməl etməlidir. Qeyd edək ki, Espo şəhərində imzalanmış “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənistan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir”.

İ.Həsənova deyib ki, beynəlxalq təşkilatlarla effektiv iş aparılarsa, müsbət nəticə əldə etmək olar: “Ötən il Emrənistan ABŞ şirkəti ilə Arazdəyəndə metallurgiya zavdu inşa edirdi. O zaman biz buna etiraz etdik, bəyanatlar qəbul etdik. Aparılan işin nəticəsi oldu. Zavodun inşası dayandırıldı. Ondan öncə Ermənistan hökumətinin Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni atom reaktoru qurmaq planı var idi. Məsələ ilə bağlı Azərbaycan Espo Konvensiyasının İcraiyyə Komitəsi qarşısında Ermənistana qarşı iddia irəli sürdü. Nəticədə sözügedən qurum tərəfindən Ermənistanda yeni nüvə reaktorunun inşası planları ilə əlaqədar Ətraf mühitə təsirin qiymətləndirilməsi prosesində Azərbaycanın iştirakının təmin edilməməsi səbəbindən Ermənistanın Espo Konversiyasının müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdı”.

Ekoloq bildirib ki, 44 günlük müharibədə Azərbaycanın böyük zəfərindən sonra bölgədə yeni reallıqlar yaranıb. Artıq su resurslarımıza nəzarət imkanları əldə etmişik:

“Ali baş komandan cənab prezident İlham Əliyevin komandanlığı ilə şanlı Silahlı Qüvvələrimiz böyük zəfəri qazandı, tarix yazdı. 30 il işğal altında olan, ekoloji terrora məruz qalan torpaqlarımız artıq bizim nəzarətimizdədir. Hazırda çaylara, meşələrə, əkin sahələrinə dəymiş zərərin qiymətləndirilməsi həyata keçirilir. Biz bölgədə monitorinq və qiymətləndirməni başa çatdırdıqdan sonra beynəlxalq təşkilatlara müraciətlər etməliyik. Ermənistanın Azərbaycana, bütövlükdə regiona qarşı ekoloji terroru ilə bağlı hesabatlar hazırlanmalıdır. Dünya ictimaiyyəti bilməlidir ki, Ermənistanın törətdiyi terror nəticəsində regionun ekosistemi üçün ciddi təhlükələr yaranıb. 30 il işğalda qalmış Qarabağ və Şərqi Zəngəzur ərazilərində bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi ziyan vurulub, qiymətli meşə sahələri yandırılıb, nadir ağac növləri məhv edilib. 

Xüsusən çaylarımızın radioaktiv tullantılarla çirkləndiroməsi beynəlxalq cinayət əməlidir. Hər dəfə işəaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər edəndə insanı ikili hisslər bürüyür. 

Dağıdılmış şəhər və qəsəbələri, xaraba qoyulmuş turd yerlərini, yandılmış əkin sahələrini və meşələri, zəhələnmiş çaylarımızı görəndə təəssüf hissi keçirirsən. Düşünürsən ki, 30 ildə xain düşmən bizi bəlkə də 1 əsr geri salıb. Biz o cür məhsuldar torpaqlarda, dilbər təbiət guşələrində nlərə yarada bilərdik. Çaylarımızın qarşısı kəsilməsəydi, bəlkə də quraqlı ölkəboyu bu qədər artmazdı. Amma bütün bunlarla yanaşı insanın içi fərəhlə də dolur. Biz düşmənin darmadağın etdiyi bu torpaqlara qayıtmışıq. İndi azad Qarabağı minalardan təmizləyir, qurub yaradırıq. 

Ancaq 30 illik ekoterrora görə, Ermənistan bunun cavabını verməlidir. 

Təbiət düşmənləri məsuliyyət daşımalıdır ki, bir daha bu cür bəşəri cinayətə əl atmasınlar. Çünki təbiət qarşı cinayət bağışlanmazdır”.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Ermənistanın ekoloji terroru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. 

Cavid Şahverdiyev
"Cebheinfo.az"