Səssiz qatil ev-ev gəzir: Ölməmək üçün bunları edin

Dəm qazı öldürməyə davam edir. Bu gün də Sumqayıt sakini 3.06.2008-ci il təvəllüdlü Sumqayıt şəhəri Nurəliyeva Fatimə Elvin qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
"Azəriqaz" İstehsalat Birliyi dəm qazından ölüm hallarının azaldılması ilə bağlı tədbirlər həyata keçirdiyini bildirsə də, təəssüf ki, problem ciddi olaraq qalır. Demək olar ki, hər gün KİV-də dəm qazından zəhərlənmələrlə bağlı xəbərlər oxuyuruq. Bəzən ilkin yardımın köməyi olsa da, təsiri belə uzun müddət qala bilir.
Bəs dəm qazı necə öldürür?
“Cebhe.info” xəbər verir ki, dəm qazından zəhərlənmə əksər zamanlarda hamam otağında baş verir.
Karbon monooksid ( dəm qazı) yanacaq məhsullarının natamam yanması nəticəsində yaranır. Bu qaz iysiz və rəngsiz olur və hiss edilmir. Hamam otaqları qapalı olduğu üçün boğulma təhlükəsi daha çox olur. Karbon monooksid tənəffüs prosesində ağciyərlərdən qana ötürülür. Oksigenlə birləşməli olan hemoqlobin bu dəfə karbon monooksidlə birləşməyə başlayır, bu proses oksineglə birləşmədən 300 dəfə daha intensiv baş verir. Bu birləşmə karboksihemoqlobin yaradır. Belə olduqda isə qanda oksigenin miqdarı azalır. Nəticədə insan oksigen çatışmazlığından boğulur.
Məlumdur ki, insan ürəyi təkcə bir vuruşda 200 ml-dən çox qan sərf edir. Bu səbəbdən ağciyərlərə düşən dəm qazı sayılan elə bir vuruşla da saniyələr içində orqanizmə yayılır, bununla da zəhərlənmə baş verir. Zəhərlənmədə saniyələr içində gözlər yaşarır, başağrısı, başgicəllənmə, bədəndə zəifləmə yaranır, ürəkbulanma, quru öskürək, eşitmə və görmə hallyusunasiyaları görülür.
Tənəffüs mərkəzinin iflic olması ilə ölüm halı yaşanır. Dəm qazından qorunmaq üçün hamam otaqlarında havalandırma olmalıdır. Həmçinin, “pitiminutka”lar hamam otaqlarında yox, çöldə quraşdırılmalıdır.
Naibə
"Cebhe.info"