Xüsusi İcra Məmurlarının Palatası yaradılacaq

Xüsusi İcra Məmurlarının Palatası yaradılacaq

Xüsusi icra məmurlarının özünüidarəsi qanunçuluq, şəffaflıq, hesabatlılıq, obyektivlik, ədalətlilik və özünüidarə orqanının qərarlarının xüsusi icra məmurları üçün məcburiliyi prinsiplərinə əsaslanacaq.

“Cebheinfo.az” xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, xüsusi icra məmurlarının özünüidarə orqanı Xüsusi İcra Məmurlarının Palatasıdır (bundan sonra - Palata). Palatanın əsas məqsədi xüsusi icra məmurlarının fəaliyyətinin idarə olunmasında iştirak etmək, xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və bu fəaliyyətə nəzarət olunması sahələrinin inkişafını və təkmilləşdirilməsini təmin etməkdir. Palata xüsusi icra məmurlarının üzvlüyü əsasında yaradılır və qeyri-kommersiya hüquqi şəxsidir.

Palata bu Qanun və Palatanın Ümumi yığıncağında qəbul edilmiş nizamnaməsi əsasında fəaliyyət göstərir.

Palatanın idarə olunması qaydası onun Nizamnaməsi ilə tənzimlənir. Palataya Palatanın İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edir.

Palatanın maliyyələşmə mənbələri aşağıdakılardır:

- Palata üzvlərinin üzvlük haqları;

- Palata üzvlərinin intizam tənbeh tədbiri kimi cərimə edilməsindən daxilolmalar;

- ianələr;

- qanunla qadağan olunmayan digər mənbələr.

- Palata üzvlərinin üzvlük haqqının məbləği, onun ödənilməsi müddəti və qaydası Palatanın nizamnaməsi ilə müəyyən olunur.

Palatanın aşağıdakı səlahiyyətləri vardır:

- xüsusi icra məmurlarının hüquqlarını qorumaq;

- xüsusi icra məmuru peşəsinin nüfuzunun yüksəldilməsini təmin etmək;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) xüsusi icra məmurlarının fəaliyyətinin səmərəli təşkilində yardım etmək;

- xüsusi icra məmurlarının yüksək peşəkarlıq səviyyəsini və inkişafını təmin etmək;

- xüsusi icra məmurlarının etik davranış qaydalarını təsdiq etmək, xüsusi icra məmurlarının davranışının həmin qaydalara uyğunluğuna nəzarət etmək və onun təhlilini aparmaq, həmin normaların tələblərini pozanlara qarşı tədbirlər görmək;

- bu Qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət etmək;

- xüsusi icra məmuru olmaq istəyən şəxslərin ilkin icbari hazırlığının təşkilində və onların ixtisasının və peşə hazırlığının artırılmasının təşkilində iştirak etmək, xüsusi icra məmurlarının təlim ehtiyaclarını qiymətləndirmək;

- xüsusi icra məmurlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkliflər vermək;

- icra sənədlərinin icrası sahəsində təcrübənin formalaşdırılması üçün xüsusi icra məmurlarının fəaliyyəti üzrə ümumiləşdirmələr aparmaq;

- icra sənədlərinin icrası sahəsində beynəlxalq təcrübəni öyrənmək;

- fəaliyyəti ilə əlaqədar dövlət və bələdiyyə orqanları, onların vəzifəli şəxsləri, beynəlxalq təşkilatlar və hüquqi şəxslərlə əməkdaşlıq etmək, həmin münasibətlərdə xüsusi icra məmurlarını təmsil etmək;

-Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının (bundan sonra Müsabiqə Komissiyası) və Xüsusi İcra Məmurlarının İntizam Komissiyasının (bundan sonra İntizam Komissiyası) işində iştirak etmək.

“Cebheinfo.az”