“Zirə” klubuna futbolçunun atasına görə xəbərdarlıq edilib

“Zirə” klubuna futbolçunun atasına görə xəbərdarlıq edilib

“Zirə” klubuna futbolçunun atasına görə xəbərdarlıq edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna U-16 Liqasında keçirilən “Zirə” – “Mübariz” oyunu bitdikdən sonra meydan sahiblərinin futbolçusu Heydərəli Cavadlının atasının meydana çıxaraq baş hakimi təhqir etməsi səbəb olub. Sentyabrın 12-də keçirilən görüşdə yaşananlara görə AFFA “Zirə”yə xəbərdarlıq edib. Futbolçu isə 88-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqədən sonra meydandan qovulduğu üçün 1 oyun cəza alıb.

AFFA U-16 Liqasında baş tutan daha bir görüşdə isə klub rəsmisinə 5 oyunluq cəza verilib. “Qarabağ” – ASTA matçında qonaqların rəsmisi Rüstəm Əliyev qarşılaşma bitdikdən sonra hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə görüb və qeyd olunan müddətə cəzalanıb.

AFFA U-15 Liqasında isə “Turan Tovuz”un futbolçuları Nəsimi Alıyev ilə Məcid Abbasova 3 oyun cəza verilib. Buna onların 78-ci dəqiqədə rəqibi təhqir etmələri və qırmızı vərəqə ilə meydandan qovulmaları səbəb olub.

"Cebheinfo.az"