Azərbaycanda maraqlı gediş: Ən ucuz avtomobil bazarı

Azərbaycanda maraqlı gediş: Ən ucuz avtomobil bazarı

Son aylar avtomobil bazarında işlənmiş avtomobillərin qiymətində kəskin ucuzlaşma müşahidə olunur.

Amma avtomobil alanların sayında artım müşahidə edilmir. Avtomobillərin qiymətinin ucuz olmasına baxmayaraq, bazarda alıcı azlığı diqqət çəkir. 

Maraqlıdır, avtomobil bazarında avtomobillərin qiymətinin münasib olmasına baxmayaraq alıcıların az olmasına səbəb nədir? 

Məsələ ilə bağlı avtomobil alqı-satqısı ilə məşğul olan Əlisahib Əliyev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, taksi haqqında qəbul edilmiş qərardan sonra avtomobil bazarında kəskin ucuzlaşma baş verib: 

“Avtomobillərin qiyməti əvvəllər tez-tez artırdı. Xüsusi ilə 2014-ci il “Avro-4” avtomobil standartlarına cavab verilməsi barədə qərar qəbul edilməsi və devalvasiyadan sonra avtomobil bazarında kəskin artım oldu. 

Belə ki, 1997-ci ilin “Mercedes C-class” (“Çeşka”) kimi tanınan avtomobili 4-5 min manata arası təklif edilirdisə, devalvasiyadan sonra 10 minə, hətta 12 minə qədər artım oldu. Lakin hazırda avtomobil bazarında 30 faizdan çox endirim olsa da, yenə də alıcı qıtlığı müşahidə edilir”. 

O bildirib ki, “Avro-5”standartları qəbul edildikdə avtomobil bazarında artım gözlənilirdi: 

“Adətən avtomobil haqqında yeni qayda müəyyən edildikdə qiymətdə bahalaşma gözlənilir. Çünki yeni qanundan sonra standartlar və normal müəyyən olunur. Bunların da hər birinin xərcində artım olduğundan, avtomobillərin qiymətində bahalaşma gözlənilir. Ancaq taksi haqqında qərar və yanacağın qiymətinin bahalaşması avtomobil bazarında qiyməti daha da ucuzlaşdırdı”. 

Həmsöhbətimiz qeyd edib ki, yanacağ sərfiyyatı nisbətən çox olan avtomobillərin qiyməti 50 faizə qədər ucuzlaşıb:

“Bu gün bazarda mühərrik həcmi 2 və daha çox olan avtomobillərin qiyməti gündən-günə ucuzlaşır. 

Əvvəllər də sözügədən avtomobillərin qiyməti ucuzlaşsa da, lakin belə intensiv ucuzlaşma heç vaxt olmamışdı. Əgər ucuzlaşma sürətlə davam edərsə, ölkəmiz regionun ən ucuz avtomobil bazarına çevrilə bilər”. 

Həsən Məmmədov
“Cebheinfo.az”