Azərbaycanda vaxtı keçmiş kreditlər kimlərə məxsusdur?

Azərbaycanda vaxtı keçmiş kreditlər kimlərə məxsusdur?

“Hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı mənzərə o qədər də pis deyil. 2022-ci ildə 20 milyard manat kredit borcları var. Vaxtı keçmiş kreditlərin həcmi isə təxminən 600 milyona yaxındır ki, bu da 3 faiz həcmindədir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.

O qeyd edib ki, 2021-ci illə müqayisədə 2022-ci ildə bu rəqəm təxminən 18 % azalıb.

Komitə sədri bildirib ki, bu, beynəlxalq praktikada qəbul olunacaq bir haldır.

T.Mirkişili qeyd edib ki, yaxın vaxtlarda parlamentə banklarla bağlı ayrıca bir paketin gəlməsi gözlənilir.

O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə kifayət qədər mexanizm qurmağı bacarıb.

Qeyd edək ki, ölkə əhalisi son illər istehlak kreditlərindən geniş şəkildə faydalanır. Yəni vətəndaşlar o qədər yüksək olmayan maaşla əldə edə bilmədiyi məhsulu ancaq kredit hesabına istehlak məcburiyyətində qalır.

ümumiyyətlə, bu kimi amllərlə bağlı əhalinin kredit borcları yaranır. Doğurdanmı bu gün əhalinin 20 milyard manat kredit borcu var?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, qeyd edilən 20 milyard manat kredit borcu yalnız əhalinin deyil:

“Bu baxımdan həm 20 milyard kredit borcu, həm də 600 milyon manat vaxtı keçmiş kreditlər ümumi rəqəmlərdir. Təəssüf ki, bu məbləğin tam açıqlamasını vermirlər ki, bunun hansı hissəsi vətəndaşlar, hansı hissəsi özəl sahibkarlar, hansı qismi isə dövlət şirkətlərinə aiddir.

Bu həcmin mütləq əksəriyyəti elə dövlət şirkətləri, yaxud da adı özəl olan, ancaq faktiki dövlət məmurlarına mənsub olan, dövlət şirkətləri ilə işləyən holdinq və ya firmalardır. Bundan sonra həqiqətən özəllər və vətəndaşların krediti gəlir. ümumilikdə 20 milyardın 600 miyonunun problemli kredit olması normaldır.

Ancaq açıqlamırlar ki, bu problemi kreditlərin hansı hissəsi kimə aiddir. Bunu açıqlasalar biz görəcəyik ki, həmin 600 milyonun bəlkə də hamısı elə həqiqi özəl şirkətlər və vətəndaşlara aiddir. Təxmin edirəm ki, 20 milyardın 12-13 milyardı dövlət şirkətləri və ya dövlət məmurlarına mənsub olan guya özəl firmalardır. Bu isə 70 faiz təşkil edir. Ancaq belə qənaətə gəlmək olur ki, 30 faizin üzərində 600 milyon problemli kredit var və bu da çoxdur.

ümumiyyətlə, dövlət qurumları, Mərkəzi Bank statistikanı tam açıqlamalıdır ki, belə “gözdən pərdə asmaq” olmasın. Ancaq o fikirlə razıyam ki, vəziyyət 5-6 il bundan öncə ilə müqayisədə yaxşıdır. Bu da onunla bağlıdır ki, vətəndaşlara elə də çox kredit verilmir.

Yalnız əməkhaqqı olan vətəndaşlara, təqaüdçülərə verilir ki, vətəndaş krediti qaytara bilməsə, birbaşa əməkhaqqı və ya pensiyadan tutulur”.

Nigar Abdullayeva
Cebhe.info