Rusiya qızıl bazarını ələ keçirir

Qızılın bir unsiyasının qiyməti 2025-ci ilin aprelində 3500 dolları keçərək tarixi rekord qırdığı üçün Rusiya bu yüksəlişdən strateji üstünlük əldə etməyə hazırlaşır.
Hazırda Çindən sonra dünyanın ikinci ən böyük qızıl istehsalçısı olan Rusiya 2030-cu ilə qədər hasilatı iki dəfə artırmağı hədəfləyir.
"Cebheinfo.az" xəbər verir ki, TAPP Qrupunun baş direktoru Dmitri Loxovun sözlərinə görə, dünyada geosiyasi qeyri-sabitlik və maliyyə qeyri-müəyyənliyi qızıla tələbi artırır. Bu, Rusiya üçün iqtisadi və texnoloji sıçrayış imkanı yaradır.
2024-cü ildə Rusiyada 330 ton qızıl hasil edilib. ÇNIGRİ-nin hesablamalarına görə, bu miqdar 2030-cu ilə qədər 600-700 tona çata bilər. Dövlət “Geologiya:
Əfsanənin yenidən kəşf edilməsi” proqramı vasitəsilə növbəti üç il ərzində 41 milyard rubl xərcləyərək yeni ehtiyatları aşkarlamağı hədəfləyir. Sibir və Uzaq Şərqdə 70 yeni sahədə kəşfiyyat işləri aparılacaq. Bundan əlavə, qabaqcıl texnologiyalar sayəsində aşağı dərəcəli filizlərdən qızıl çıxarmaq imkanları da artıb. RBC-nin məlumatına görə, sənayenin əsas oyunçuları sakitcə yenidən strukturlaşırlar.
Tamamilə Rusiyaya məxsus olan “Highland Gold” və “Polimetall” kiçik miqyaslı istehsalçıları satın alaraq istehsal şəbəkələrini genişləndirdilər. Amma ən iddialı planlar “Polus” şirkətinə məxsusdur. Şirkət 2028-2029-cu illərdə üç nəhəng layihəni – “Suxoy Log”,” Çulbatkan” və “Chertovo Koryto”-nu həyata keçirməyi planlaşdırır və ümumilikdə 7,8 milyard dollar sərmayə qoyur.
Yeni tikilən nəhəng qurğular ildə 34 milyon ton filiz emal edə bilər ki, bu da şirkətin illik hasilatını demək olar ki, 200 tona çatdırır.Modernləşmənin mərkəzində süni intellektlə dəstəklənən avtomatlaşdırma və yerli istehsal texnologiyaları dayanır. Köhnə sovet texnologiyalarını əvəz edən innovativ üsullarla aşağı dərəcəli, “inadkar” filizlərdən yüksək məhsuldarlıq əldə edilir.
Süni intellekt sistemləri, xüsusən də təsvirin emalına əsaslanan sistemlər istehsal prosesini real vaxt rejimində təhlil edir və optimallaşdırır. Maliyyələşdirmə baxımından da mənzərə müsbətdir. Artan qızıl qiymətləri sayəsində şirkətlərin mənfəət marjaları və onların səhmləri artır. Dövlət bankları və xaricdən sektora sərmayə qoyan şirkətlər bu potensialın fərqindədirlər. Ekspertlərin fikrincə, indiki geosiyasi şəraitdə Rusiyanın qızıl hasilatını iki dəfə artırmaq üçün heç bir siyasi və iqtisadi maneə yoxdur.
Nigar Hacılı
"Cebheinfo.az"