Bankın kredit götürənin qohumlarına zəng etməsi qanunidir?

Bankın kredit götürənin qohumlarına zəng etməsi qanunidir?

Ölkədə kreditlərlə bağlı banklara müraciət edən vətəndaşların sayı kifayət qədərdir. 

Ancaq vətəndaşlar banklara kredit üçün üz tutarkən onların qarşısında bəzi tələblər qoyulur. Onlardan biri kimi banklar tərəfindən vətəndaşlardan bir neçə yaxın insanın telefon nömrəsi istənilir. Vətəndaş isə kredit götürmək üçün bir neçə telefon nömrəsi demək məcburiyyətində qalır. 

Ancaq bu da bir faktdır ki, vətəndaşın götürdüyü kredit onun şəxsi maliyyə sirri də ola bilər. Ümumiyyətlə, kredit  götürülərkən və ya ödənişi gecikdirildiyi halda bank tərəfindən vətəndaşın qohumlarına zəng edilməsi nə dərəcədə qanunidir? 

İqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”a bildirib ki, qanunvericilikdə hər hansı bir qohuma zəng vurmaq, yaxud vurmamaqla bağlı məhdudiyyət yoxdur: 

“Bank elə bir institutdur ki, o, verdiyi kapitalın geri qaytarılması istiqamətində sülh yollarından istifadə etməklə istənilən sənədi tələb edə bilər. 

Yəni bir var ki, münaqişə, evdən çıxarma yolu ilə məsələni həll etsinlər. Bəzən də bank özünü sığortalamaq istiqamətində hələlik qohumun telefonunu istəyir ki,  o, belə bir şəxsin olduğunu təqsdiqləsin. 

Burada səhnəarxası məqamlar var. Məhkəmələrdə o qədər belə predmetlər var. Məsələn, valideyn sonda deyir ki, mənim övladımın kredit götürməsindən xəbərim olmayıb. Yaxud, əksinə, uşaq deyir ki, mənim ata-anamın kreditindən xəbərim yoxdur. Bu da sonda “dünya müharibəsinə” çevrilir. Ona görə də banklar bu metodologiyadan istifadə edir”. 

Ekspertin fikrincə,  bu, əslində insani münasibətlərə uyğun deyil: 

“Ancaq reallıq budur. Ümid edirəm ki, müəyyən bir dövrdən sonra bunlar aktuallığını itirəcək. Ancaq qanunvericiliklə bununla bağlı nə ziddiyyət var, nə də qadağan olunur. Bank bu yolla özünü sığortalama imkanından istifadə edə bilər. Vətəndaş da bundan narazı olduğu halda imtina edər və həmin  bankdan kredit götürməz. Hazırda vəziyyət belədir və burada hər iki tərəf haqlıdır. 

Ümumiyyətlə, bu məsələdə məhkəmə predmeti o vaxt ola bilər ki, vətəndaşa krediti verilməsə də, o kredit barədə kiməsə məlumat verilib. Bu, bank sirridir. Əvvəlcədən təklif olunan şərtlərdə bu yoxdursa, sonradan məlumatın yayılması səhvdir. Kredit verildikdən sonra kiməsə məlumat verilərsə, bu, məhkəmə predmeti ola bilər, çünki bu halda bank sirri yayılıb. 

Ancaq əvvəlcədən bank şəxsi yoxlamaq üçün qohumlarının əlaqə nömrələrini istəyirsə, bunda problem yoxdur.  Vətəndaş bu təklifə razılaşmaya bilər, bu, onun ixtiyarındadır. Ancaq vətəndaş o təkliflə məhkəməyə müraciət edə bilməz. Çünki bu halda bank bu yolla özünü sığortalayacağını deyəcək”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”