Ərzaq təhlükəsizliyi özü təhlükədə: Keyfiyyətsiz pambıq əkib, xaricdən ət alırıq

Ərzaq təhlükəsizliyi özü təhlükədə: Keyfiyyətsiz pambıq əkib, xaricdən ət alırıq

Son illər ölkədə kənd təsərrüfatı məhsulları ilə bağlı yerli istehsalın daha da artırılması, idxaldan asılılığın azaldılması müzakirə mövsudur.

Ekspertlərin fikrincə, bu istiqamətdə əsas amillərdən biri məhz tələbatın olduğu məhsulların yetişdirilməsinə daha çox ehtiyac var.

Bildirilir ki, bu gün torpaq sahələri tələbat olmayan, keyfiyyətsiz məhsullardan biri kimi pambıqçılıq təsərrüfatı tərəfindən “zəbt edilir” ki, burada əhali üçün heç də əlverişli deyil.

“Azərpambığ”ın ixrac gəlirləri 3 dəfədən çox azalıb. Pambıq tədarükündə ciddi azalma var. Bu il Azərbaycanın pambıq ixracı kəskin azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin ilk 4 ayında Azərbaycan 38,3 milyon dollar dəyərində 21 min ton pambıq lifi (mahlıc) xaricə ixrac edib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 53,7 faiz, dəyər baxımından isə 62,9 faiz azdır. Başqa sözlə, ölkəmizin pambıq ixracı həm miqdar həm də dəyər baxımından kəskin aşağı düşüb.

İqtisadçı-ekspert Razi Abbasbəyli bildirib ki, bütün kənd təsərrrüfatı torpaqlarına, örüş yerlərinə pambıq əkdilər:

“İndi Azərbaycan aqrar məhsulları idxal edən və bundan ciddi şəkildə asılı hala düşən bir ölkəyə çevrilib. Əvvələr Azərbaycana 800 milyon dollarlıq kənd təsərrüfatı məhsulları idxal olunurdusa, bu gün isə il ərzində 2-3 milyard dollarlıq kənd təsərrüfatı məhsullar idxal edilir.

Mal əti idxalı 2.6 dəfə artıb. Kartof, çay, şəkər çuğunduru idxalatda payını artırıb. Bu çox təhlükəli tendensiyadır. Bu ildən etibarən hökumət pambıqçılıqla bağlı strategiyanı dəyişməlidir. Əks təqdirdə həm əkinə yararlı torpaqlar sürətlə məhv olacaq.

Həm də ərzaq təhlükəsizliyimiz gələn ildən ciddi təhdid altına düşəcək. Yeri gəlmişkən, artıq "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" da başa çatıb".

Əgər bu gün idxal olunan kənd təsərrüfatı məhsullarının həcmi ilbəil artırsa, bu sahədə strategiyanı dəyişməyin vaxtı çatıb?

İqtisadçı-ekspert Akif Nəsirli isə Azərbaycanda pambığın strateji məhsul kimi elan edilməsinin əleyhinədir:

“Bu səhv startegiyadan nə qədər tez geri çəkilsələr, bir o qədər yaxşıdır. Hamı misal göstərir ki, “sovet dövründə Azərbaycan bu qədər pambıq verib”.

Birirncisi, Azərbaycan statistikada göstərilən qədər pambıq verməyib. Son illərin pambıq planları “pripiskayla” şişirdilib. Azərbaycan pambığı keyfiyyətsiz pambıqdır. Bizim pambığın lif çııxımı aşağı olduğuna görə, bu pambıq çiyiddən ayrılıb Özbəkistana göndərilirdi.

Orada bu pambıq emal olunmalı idi. Ancaq emal etmirdilər. Azərbaycan pambığından zavodun ətrafında böyük bir “dağ” əmələ gəlmişdi. Deyirdilər ki, “bu Azərbaycan pambığıdır. Biz Azərbaycan pambığından lif ala bilmirik”.

Azərbaycan iqlimi pambıqçılıq üçün yararlı deyil. Pambıqçılığı inkişaf etdirmək üçün "Gossypium barbadense" sortu hansı iqlimdə yetişirdisə o iqlimdə pambıq yetişdirirdilər. Azərbaycanda o sort yetişmir. Bir vaxtlar həmin sort pambığı Özbəkistanda uşaq əməyindən istifadə ilə bağlı Avropaya pambıq ixracına qadağa qoyduqları üçün qaçaqmalçılıq yolu ilə həmin pambığı Azərbaycana gətirirdilər. Buradan da Azərbaycan pambığı adı altında Avropaya ixrac edirdilər”.

Ekspert deyir ki, indi artıq Azərbaycan hökuməti mövcud strategiyanı dəyişib, pambıq altında olan sahələri digər bitkiçilik və heyvandarlıq sahələrinə verməlidir:

“Bu gün pambıq Azərbaycana ildə 200 milyon dollar maksimum qazanc gətirir. Ancaq kənd təsərrüfatı mənşəli ərzaq məhsullarını xaricdən idxal etmək üçün 3,5 milyard dollar vəsait xərcləyirik.

Ölkədə dollara tələbat əsas buna görə yaranır. Yəni biz bu gün 200 milyona görə ildə 3 milyard manat itiririk. Biz strategiyanı dəyişməklə xaricə 3 milyard dollar axının qarşısını 80-90 faiz ala bilərik. Həm də xaricdən asılı ölkə olmaz.

Bu gün Azərbaycan kənd təsərrüfatı məhsullarına olan ümumi tələbatın 50 faizindın çoxunu xaricdən idxal edir. Bu da çox ciddi iqtisadi asılılıqdır, həm də ölkənin milli təhlükəsizliyinə təhdiddir.

Hazırkı kataklizmlərin baş alıb getdiyi dünyada elə bir hadisələr baş verə bilər ki, idxal prosesi dayanar. O zaman Azərbaycan neynəyər? Azərbaycana 1 ay idxal olmasa, bütün ərzaq ehtiyatı tükənəcək və ölkədə aclıq başlayacaq.

Ona görə həm iqtisadi, həm də milli təhlükəsizlik baxımından Azərbaycan pambıqçılıqdan əl çəkməlidir və pambıq tarlaları altında olan sahələr bitkiçilik və heyvandarlığa verilməlidir.

Ölkədə süd və süd, ət qıtlığı yaşanır. Gündən-günə ətin qiyməti bahalaşır. Digər tərəfdən ildə 1, 3 milyon ton ərzaq buğdası idxal edirik. Pambığın əvəzinə ərzaq buğdası əkə bilərik. Bu baxımdan həmin strategiyaya son qoyulmasının vaxtı 7-8 il bundan qabaq çatıb”.

Nigar Abdullayeva
Cebhe.info