Heydər Əliyev: Azərbaycanda yeni iqtisadi strategiyanın banisi

Heydər Əliyev: Azərbaycanda yeni iqtisadi strategiyanın banisi

İqtisadiyyat bütün dövlətlərin inkişafının əsasını təşkil edir və bu baxımdan, dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılılığı prinsipi mövcuddur.

Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar var və ölkəmiz özünəməxsus inkişaf metodu ilə fərqlənir. ülu öndər Heydər Əliyev bu iqtisadi inkişaf metodunun formalaşmasında böyük və müstəsna rolu olan şəxsiyyət kimi ölkənin nəinki ictimai, siyasi həyatında, həm də iqtisadi inkişafında kifayət qədər həlledici addımlar atıb. Ölkə başçısı tərəfindən Ulu öndərin 100 illik yubileyi ilə bağlı 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi təsadüfi deyil.

Çünki Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə də özünü bir daha parlaq surətdə təzahür etdirib. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib.

Məhz bu baxımdan ölkənin iqtisadi inkişafında da “iqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” xüsusi yer tutur. Prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərkən Heydər Əliyev özü iki halı xüsusi qeyd edib:

"Respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən, yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik".

Gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı

Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başlandı. Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, Ulu Öndər digər sahələrdə olduğu kimi, bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaratdı. Bu mərhələdə ilk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı.

Həmin siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edib. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafına mahiyyətcə yeni mərhələnin təməli qoyuldu.

Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.

Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən əsası isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı.

Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi, 1996-cı ildən ümumi daxili məhsul istehsalı ilbəil artmağa başladı, respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994-1995-ci illərdə yeni nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. 1996-cı ildən etibarən dirçəliş dövrü başladı və 1997-ci ildən sənaye məhsullarının istehsalında artım müşahidə edildi ki, neft emalı, metallurgiya, ağac emalı, şüşə və çini-saxsı məhsullar istehsalında artım daha yüksək oldu.

Digər istehsal sahələrində geriləmənin sürəti azaldıldı, bəzi hallarda isə bu meyil tamamilə dayandırıldı, hasilat sənayesi ilə yanaşı, qeyri- neft sektoru da inkişaf etdirilib. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. Ulu Öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar qısa zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı.

Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkəmizdə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək oldu.

“Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının parlaq təzahürüdür

Azərbaycanın iqtisadi siyasətinin öncül istiqamətlərindən biri müstəqil dövlətin neft strategiyasının hazırlanması olub. Müəllifi ümummilli lider Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın aparıcı ölkələrinin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistan) ən məşhur neft şirkətləri (“Amoko”, BP, “MakDermott”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “Penzoyl”, “İtoçu”, “Remko”, “Delta”) arasında Xəzər dənizinin Azərbaycan bölməsindəki "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə başlanıb.

Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Heydər Əliyevin özünün də vurğuladığı kimi, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaqlar.

“Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənilib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının istismarını nəzərdə tutan “Əsrin müqaviləsi”nin imzalanması ölkəyə külli miqdarda xarici investisiyanın axınına səbəb oldu. Bu, sovet dövründən başlanan danışıqların Heydər Əliyev tərəfindən atılan konkret addımlarla həyata keçirilməsi idi. Heydər Əliyev düşünülmüş strategiya ilə xarici ölkələrin şirkətlərini Azərbaycana gətirdi, bu, o demək idi ki, bu ölkələr Azərbaycanla da hesablaşacaq.

“Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail oldu.

1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalanıb, bu kəmərin çəkilməsi yolunda yaradılan çoxsaylı əngəllərə baxmayaraq, ulu öndərin siyasi iradəsi və uzaqgörənliyi sayəsində maneələrin hamısı dəf edilərək bu layihənin gerçəkləşməsi reallığa çevrilib, 2003-cü ildə kəmərin tikintisinə başlanılıb.

Çox çətinliklərə baxmayaraq Heydər Əliyevin seçdiyi yol uğurlu olub, Azərbaycan neftinin dünya bazarına çıxarılması reallığa çevrilib. Bununla yanaşı, ölkəmizin iqtisadi həyatında Heydər Əliyev həm də Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoyub.

Azərbaycan iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyasında böyük uğur

Ulu Öndərin iqtisadi islahatlarının nəticəsi Azərbaycanın bugünkü inkişafı olduğunu deyən millət vəkili Tahir Rzayev Cebhe.info-ya bildirib ki, Heydər Əliyev 1993-cü ilin sonları və 1994-cü ilin əvvəllərindən etibarən dünyada gedən siyasi və iqtisadi proseslərə peşəkar baxışları ilə Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu:

“Ölkə daxilindəki siyasi çəkişmələrin məharətlə nizamlanması, iqtisadiyyatın hiperinfilyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi. Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə, Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması isə inqilabi bir dönüşün başlanğıcı idi.

Bu müqavilə Azərbaycan iqtisadiyyatının sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı hesab olunmalıdır. Məhz “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatına xarici investisiyaların axınına yol açıldı. Bu müqavilə ciddi iqtisadi tənəzzül yaşayan bir ölkənin iqtisadiyyatına xarici yatırımların cəlb edilməsinin ən uğurlu bir vasitəsinə çevrildi. Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici investisiya qoyulmamışdısa, artıq 1994 - 2000-ci illər ərzində bu yatırımların ümumi həcmi 5,5 milyard dollara bərabər idi.

Ən maraqlısı isə bu idi ki, edilən yardımların 2,2 milyard dolları neftdənkənar sahələrə yönəldilmişdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi altında aparılan islahatlar 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Ölkə iqtisadiyyatına böyük həcmlərdə investisiya axını hesabına Azərbaycanda sənaye, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə başladı.

Artıq 1996-cı ildən etibarən ümumi daxili məhsul istehsalı hər il sürətlə artmağa başladı. ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən biri də ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb sürətlə həyata keçirilməsinə start verməsi və bununla da ölkədə sahibkar ordusunun yaradılması oldu.

Heydər Əliyev özünün uzaqgörən siyasəti ilə çox qısa bir zaman çərçivəsində nəinki Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirə bildi, o, eyni zamanda respublikanın sosial-iqtisadi inkişafında və bu iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiya olunmasında da çox böyük uğurlar qazandı. Bir sözlə, onun düşünülmüş və uzaqgörən siyasəti nəticəsində bu gün də Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların yeni - Azərbaycan modeli meydana gəldi”.

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar olaraq media nümayəndələri arasında elan edilmiş “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir.

Nigar Abdullayeva
Cebhe.info