“Kupça”sız evlərə amnistiya niyə verilmir?

Ölkədə 800 minə yaxın sənədsiz evlərin olduğu bildirilir.
Həmin evlərə çıxarışların, yəni “ev amnistiyası”nın veriləcəyi ilə bağlı fikirlər səslənsə də, hələlik bu istiqamətdə real nəticə yoxdur. İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, evinin çıxarışı olmayan vətəndaşların həmin evə qeydiyyatı da yoxdur:
“Hazırda insanların mülkiyyət hüququ pozulub. Çıxarışı olmayan evlərin hər zaman sökülmə ehtimalı var. Vətəndaşların çətin vəziyyətə düşməməsi üçün Azərbaycan məhkəmələrində əmsal qərar olmalıdır. “Kupça”sı olmayan insanlar həmin qərara istinad etməlidirlər”.
Ümumiyyətlə, ölkədə vətəndaşlar məhkəmələrin əmsal qərarından istifadə edirmi və eyni zamanda bu evlərə “amnistiya”nın verilməsi gözlənilirmi?
Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, indiyədək vətəndaşın məhkəmənin əmsal qərarı ilə bağlı müraciət etməsi halı ilə üzləşməyib:
“Əgər məhkəmə tərəfindən bir dəfə belə hal olsa, sübuta yetirilirsə, Azərbaycan qanunvericiliyinə uyğun həll yolu tapılsa, bu, ona əsas yaradar ki, növbəti hüquqi məsələlərdə presedent olsun”.
Sənədsiz evlərə “amnistiya” verilməsi ilə bağlı ekspert bildirib ki, müxtəlf dövrlərdə bu kimi əmlaklar ortaya çıxıb:
“Sovet hökuməti yaranandan artıq yüz il keçib. Bu illər ərzində bu kimi sənədsiz əmlaklar ərsəyə gəlib. Sovet hökuməti dağıldıqdan sonra qanunlar dəyişib. 90-cı illərdə qaçıqın və məcburi köçkünlər öz doğma torpaqlarını tərk etməli olublar. Qanunda olan bəzi boşluqlardan da müəyyən şəxslər istifadə ediblər. 2000-ci illərin əvvəllərində bələdiyyə torpaqları ərsəyə gəldi.
Keçən onilliyə kimi sətəncamlar bələdiyyələrdən başqa, icra hakimiyyətləri tərəfindən verilirdi. Bir müddət Torpaq Komitəsi özü də sənədləşmə işi aparırdı. Müxtəlif dövrlərdə müxtəlif hüquqi və hüquqsuz əsaslarla müəyyən əmlaklar ərsəyə gəldi ki, onların sənədləşmə prosesi həyata keçirilmədi. Yaxud da müxtəlif dövrlərdə sərəncam verilsə də iş bitmədi. Ancaq indiki qanun buna yol vermir ki, o hüquq tanınsın”.
O deyib ki, bundan başqa heç bir sənədi olmayan əmlaklar var:
“Bunlar hamısı bir qanun, yaxud sərəncamla leqallaşa bilməz. Baxmayaraq ki, Əmlak Məsələləri üzrə Dövlət Xidməti Ədliyyə Nazirliyi ilə vahid sayt yaradılacağını bildirmişdi və o sayt üzərindən gələcəkdə bütün əmlakların əməliyyatları aparılması mümkün olacaqdı.
Ancaq işin sona çatdırılması ilə bağlı ölkədə hələ də hüquqi normativlər yoxdur. 2015-ci ildə Prezidentin sərəncamı var, əmlakların qeydiyyatı ilə bağl dövlət reyestrinin həyata keçirilməsi üçün əsasnamə, orada bu sənədlərin siyahısı var. Ən yaxşı halda bu genişlənə bilər. Ancaq heç bir sənədi olmayan əmlakların leqallaşması ilə bağlı ölkədə hüquqi norrmativ işləmir. Bu, olduqca qəliz prosesdir.
Fikrimcə, bu, mərhələ-mərhələ aparıla bilər. Ümumiyyətlə, qanunsuz olmayan tikililərin ərsəyə gəlməsi üçün ilkin əsaslar olmalıdır. İlkin əsaslarla gələcəkdə onların qanunlaşması prosesi necə aparılacaqsa, onun mexanizmi işlənməlidir. Mexanizm digər qanunlara zidd olmamalıdır. Məsələn, Türkiyədə son 100 ildə bir hökumət olub və o hökumət üzərindən də bütün proseslər bir qanunla tənzimləndi. Bizdə təəssüf ki, onun həyata keçirilməsi üçün vaxt lazımdır”.
Nigar Abdullayeva
“Cebheinfo.az”