Neft hasilatı stabilləşib? - RƏY

Neft hasilatı stabilləşib? - RƏY

“Bu ilin ilk yarısında neft-qaz sektorunda 0.6 faiz artım qeydə alınıb.

Bütövlükdə, həmin dövrdə Azərbaycanda 59 milyard 520 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Qeyri-neft-qaz sektorunda 6,9 faiz artım qeydə alınıb”.

“Cebhe.info” xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

V.Bayramov əlavə edib ki, artımın strukturuna diqqət yetirəndə, bunun neft istehsalının deyil, qaz hasilatının artması hesabına mümkün olduğu bəlli olub:

“Belə ki, əmtəəlik neft hasilatı 4.9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb. Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakı artımla bağlıdır. Belə ki, daha çox qaz hasilatı daha çox ixrac deməkdir. Bu fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır. Yenə də sənaye məhsulunun 65.0 faizi mədənçıxarma sektorunun payına düşür. Yəni sənayədə yaranan hər 100 manatlıq dəyərin 65 manata yaxınını məhz neft və qaz sektoru formalaşdırır. Bu fakt enerjidə kənar sektorlarının inkişafı ilə bağlı islahatların daha da dərinləşməsini prioritetləşdirir. 

Yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq. Digər tərəfdən, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızıl"ın qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır".

O bildirib ki, dünya neft bazarı ilə əlaqənin minimumlaşdırılması üçün isə sənayedə qeyri-neft-qaz sektorunun payının daha da artırılması vacibdir.

Vilayət Muxtar
“Cebhe.info”