Son 5 ildə Azərbaycana nə qədər turist gəlib? - ARAŞDIRMA

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 183 ölkədən 1 343,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Maraqlıdır, son illərdə Azərbaycana nə qədər turist gəlib?
Cebhe.info bununla bağlı son 5 ilin statistikasını araşdırıb.
*Rəsmi rəqəmlərə əsasən, 2018-ci ildə Azərbaycana 2 mln. 849,6 min nəfərdək turist gəlib. Bu 2017-ci illə müqayisədə 5,7 faizlik artım deməkdir.
*2019-cu ildə Azərbaycana 3 milyon 170,4 min nəfər turist gəlib ki, bu da 2018-ci ilin göstəricisindən 11,3 % çox olub. 2019-cu ildə Azərbaycana gələn turistlərin sayı 2018-ci illə müqayisədə 11 % - 3 milyon 170,4 min nəfərə qədər artıb.
2019-cu il ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 21,3 % artaraq 136,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,3 % artaraq 1 mln. 141,5 min nəfər olub.
*2020-ci ildə isə Azərbaycana 795,7 min və ya əvvəlki illə müqayisədə 4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Turist axınının kəskin azalmasına səbəb koronavirus infeksiyasının yayılması və 2020-ci ilin mart ayından Azərbaycan ərazisinə girişin qadağan edilməsi olub.
*2021-ci ildə Azərbaycana dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, onların 4,6 faizi yanvar, 4,5 faizi fevral, 5,7 faizi mart, 5,8 faizi aprel, 6,5 faizi may, 8,5 faizi iyun, 10,6 faizi iyul, 9,7 faizi avqust, 9,4 faizi sentyabr, 11,5 faizi oktyabr, 10,9 faizi noyabr, 12,3 faizi isə dekabr ayında ölkəmizə səfər edib.
*Rəsmi rəqəmlərə görə, 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Naibə
Cebhe.info