Su pulunu da məhkəmə yolu ilə alacaqlar: Bu hallarda

Kommunal xidmət ödəməsiz məhkəməyə verilə bilərsiniz Keçmiş deputat Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmov istifadə etdiyi su pulunu ödəmədiyi üçün məhkəməyə verilib.
Məlumata görə, Nəsimi Rayon Məhkəməsinə iddiaçı qismində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tanınıb. Hakim Həbibə Miriyevanın sədrliyi ilə keçiriləcək məhkəmə prosesi iyul ayının 17-nə təyin edilib.
Maraqlıdır, kommunal xidmət haqlarını hansı müddətdə ödəmədikdə, abonent məhkəməyə verilə bilər?
Məsələ ilə bağlı “Azərsu”-dan “Cebhe.info”-nun sorğusuna cavab olaraq bildirilib ki, qanuna əsasən, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi üçün abonentə bildiriş verilir və bildirişdə borcun 1 ay müddətinə ödənilməsi xahiş olunur:
“Əgər abonent 1 ay müddətində borcu ödəmirsə, yenidən 1 həftə müddətinə borcu ödənilməsi ilə bağlı xəbərdarlıq olunur. Bu dəfə də borc ödənilmədikdə təchizatçı qurumun məhkəməyə müraciət etmək hüququ yaranır. Adətən təchizatçı borcun məbləğinə baxmayaraq abonentin sərf etdiyi sərfiyyata görə ödənişin məhkəməyə qədər ödənilməsinə çalışır”.
Həsən Məmmədov
“Cebhe.info”