Süfrəmizi tərəvəzlə doldurmaq üçün 4 milyard...

Süfrəmizi tərəvəzlə doldurmaq üçün 4 milyard...

Azərbaycanda tərəvəz istehsalını daha dayanıqlı etmək üçün təqribən 9 800 hektar sahədə istixanaların təkmilləşdirilməsinə 3,81 milyard ABŞ dolları investisiya yatırılması tələb edilir.

Bu barədə Dünya Bankı Qrupunun açıqladığı Azərbaycana dair "İqlim və İnkişaf Hesabatı"nda (CCDR) bildirilib. Sənəddə deyilir ki, 0,5 milyon hektar ərazidə tətbiq edilən (buğda, qarğıdalı, pambıq və tərəvəz üçün) mühafizə xarakterli kənd təsərrüfatı (minimum əkin) texnologiyasının mənimsənilməsinə isə nisbətən az - 10,1 milyon ABŞ dolları investisiya yatırmaq lazımdır. 

Sözügedən məsələni Cebhe.info-a şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, təkcə xarici tərəfdaşlara deyil, həm də daxili investisiyaya ehtiyac var:

“Ölkənin kənd təsərrüfatı patensialı böyük olsa da, ölkəmizə kənd təsərrüfatı mənşəli məhsulların, ərzaqların yarısı və ya daha çoxu idxal olur. Azərbaycanda əkinə yararlı torpaqların yalnız 25 %- dən səmərəli istifadə edilir. Yəni potensial 2 milyon hektardır, ancaq cəmi 500 min hektardan istifadə edilərək kənd təsərrüfatı məhsulları becərilir.

Onun da 400 min hektarı suvarılan ərazilərdir. 100 min hektarı intensiv dəmyə ərəziləridir. Qalan 500 min hektar ərazilərdə dəmyə təsərrüfatı olduğuna, bəzən iqlimdən və hava şərəitindən asılılığına görə bəzən məhsul verir, bəzən isə verə bilmir”. 

Ekspert bildirib ki, bu potensialdan səmərəli istifadə etmək üçün ölkəmizə dünyanın inkişaf etmiş dövlətlərindən texnologiyalar gətirilməlidir:

“Yüksək məhsuldarlıq ala biləcəyimiz bitki toxumları gətirilməlidir. Ən əsası daxili təbiətə uyğunlaşdırılmalıdır ki, bitki öz bəhrəsini verə bilsin. Kənd təsərrüfatı işləri ilə məşğul olan fermerlərə çox ciddi dəstək verməlidirlər”. 

Ekspert ölkəmizin kənd təsərrüfatı məhsulları idxal edən ölkə yox, ixrac edən ölkə olmasının mümkünlüyünü bildirib.

“Dünya Bankı Avropa ölkələrindəki kənd təsərrüfatı təcrübəsinə dayanaraq ölkəmizə investisiyanın cəlb edilməsinə ehtiyac duyur. Amma hesab edirəm ki, ölkəmizdə kənd təsərrüfatına daha çox investisiya yatırılmalıdır. Ölkənin kənd təsərrüfatı ixrac edən dövlətə çevrilməsi mümkündür.

Dövlətimizin bu potensialı var. Əkin üçün yararlı münbit torpaqların yanlız dördə birindən səmərəli istifadə olunur. Amma bütün potensialdan maksimum güclə yararlansaq, ölkəmizi kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevirə bilərik”. 

Həmsöhbətimiz fermer təsərrüfatı ilə məşğul olanlara yaradılan problemlərə də toxunub. Onu sözlərinə görə, ölkəmizə yatırılan investisiyadan əlavə ölkə daxilində iqtisadiyyatın çox ciddi problemləri var.

“Bu problemlərin həll olunması vacibdir. Sahibkarlıqla məşğul olanlara maneələr yaradılır. Fermerlərin torpaqlarının sənədləşdirilməsində çox ciddi problemlər var. Ondan əlavə, mülküyyətə zəmanət problemləri mövcuddur. Eyni zamanda, icarə mexanizmi sistemində nöqsanlar var. Saymaqla bitməyən və hələ də həllini tapmayan məsələlər var”. 

Ekspert dövlət tərəfindən yaradılmış aqroparklardan da danışıb:

“Son vaxtlar dövlətin yaratdığı aqroparklarla bağlı ciddi problem var. Ölkəmizdə hazırda 100- dən çox aqropark var. Onların kiçik fermerlərin hüquqlarını pozduğu söylənilir. Düşünürəm ki, bu məsələyə də nəzər yetirilsə, yaxşı olardı”. 

Həsən Məmmədov 
Cebhe.info