Cənub bölgəsinin mədəni irsi – Yardmlı rayonundakı tarixi abidələr

Cənub bölgəsinin mədəni irsi – Yardmlı rayonundakı tarixi abidələr

Dağlar qoynunda qərar tutan Yardımlı üç tərəfdən - şimal, qərb və cənubi-qərbdən İranla həmsərhəddir.

Yardımlının olduqca füsunkar təbiəti, qonaqpərvər və mehriban insanları var. Ecazkar gözəlliyə malik olan Yardımlı rayonu təbii-coğrafi şəraitinə görə bölgədə turizmin inkişafı üçün əlverişli məkandır. Yardımlının atributu sayılan, Masallı–Yardımlı yolunun 25–ci km-də 1500 metr yüksəklikdə və hündürlüyü 34 metr olan iki mərtəbəli füsünkar şəlaləni görməyə hər il bu yerlərə çoxlu sayda yerli və xarici turistlər gəlir. Yardımlıda hər daş, hər təpəcik öz sinəsində tarix gizlədir, qədim tarixi abidələr bu yerlərin uzaq keçmişindən xəbər verir. Yardımlı rayonu üzrə yaşı əsrlərlə ölçülən və dövlət tərəfindən qorunan 92 tarixi abidə var. Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyində saxlanılan 10 minə yaxın eksponatdan 6 mini muzeyin əsas fondunu təşkil edir. Burada eramızdan əvvəlki III minillikdən tutmuş müasir dövrümüzü əks etdirən eksponatlar toplanıb. Muzeyin eksponatları arasında 17 milyon il yaşı olan, 2004-cü ildə tapılmış, ciddi və nəfis şəkildə qorunan bir nadir tapıntı - “Balıq daş” var.  Geologiya İnstitunun əməkdaşları tərəfindən verilən rəydə “Balıq daş”ın geoloji dövr olan “maykop” dövrünün yadigarı olduğu qeyd olunub. Bu nadir tapıntı rayonun “Avaraq” adlı ərazisində tapılıb. Həmin ərazilər vaxtilə su olduğundan onu deməyə əsasımız var ki, “Balıq daş” insan əməyinin məhsulu deyil. 

Yardımlıdakı digər məşhur tarixi abidələrdən 100-150 min il əvvəl insanların yaşadığı “Alar mağarası”nı, VII-VIII əsrə aid  gözətçi-müdafiə qalası olan “Qız qalası”nı, Moran dağının ətəyindəki VIII-IX əsrə aid edilən “Düzünqala”nı, Ökü kəndindəki 1240 il yaşı olan qədim Şərq Çinarını (diametri 6 metr, koğuşuna 20-30 adam yerləşir), Arus kəndi yaxınlığındakı XIV əsrə məxsus Abidərdə (bəzi mənbələrdə Abidərzə və ya Abazərdə kimi göstərilir) türbəsini göstərmək olar. Türbə Yardımlı rayonunun Ərsilə kəndi ərazisində yerləşir, XIV əsrə məxsusdur. Bəzi mənbələrdə türbənin adı Abidərdə, Abidərzə və ya Abazərdə kimi göstərilir. Bu türbədə İslam dinini yayan müridlərdən birinin uyuduğu güman edilir. Türbə yerli və ətraf rayonlarda yaşayan insanlar tərəfindən niyyətlərinin qəbul olunması üçün ziyarət edilir.    Ucqar bölgədə əsl turizm hələ “körpəlik” çağını yaşayır. İnam var ki, turist marşrutlarına salınacaq “Nisəqala konyonu”, “Dəvə karvanı”, “Əmbüs”, təbii buzxana, Alar mağarasu, Abidərdə türbəsi, Qız qalası kimi qədim abidələr, Perimbel kəndindəki “Göznarı” bulaq kompleksi, Peştəsər kəndindəki təbii mineral su mənbəyi, Deman kəndinin ərazisindəki tarixi yerlər turistlərdə çox böyük maraq doğuracaq. Yeri gəlmişkən, Yardımlıda dağ turizmi, yaşıl turizm növlərinin inkişaf perspektivi də genişdir. Lazımi şərait və infrastruktur yaradılacağı təqdirdə buna nail olmaq mümkündür. Yardımlının qədim yurd yerlərindən olduğunu xarabalıqları qalan Avaraq kəndindəki daş kitabələr, Şiləvəngə kənd qəbristanlığındakı İslamaqədərki dövrü əks etdirən yazılı qəbir daşları və s. təsdiq edir. Avaraqdakı qəbir daşlarının birinin üzərində (sinə daşında) böyük türk sufi-mütəfəkkiri Bəyazid Bistaninin müdrik kəlamı qeyd edilmişdir: “Nə baxırsan mənə, vaxtilə mən sənə baxan kimi”. Qəbirlərin həcmi, burada dəfn edilmiş insanların çox igid cüssəyə malik olduğunu göstərir.

Yazı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Cənub bölgəsində mədəni irsin təbliği istiqamətində təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.

"Cebhe.info"