Qardaşların mədəniyyəti... - VİDEOLAR

Qardaşların mədəniyyəti... - VİDEOLAR

İyunun 6-da Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti baş tutub.

"Cebheinfo.az" xəbər verir ki, tədbir Arkadağ şəhərində yerləşən Göroğlu adına Dövlət Atçılıq Sirkində keçirilib.

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türkmənistanın mədəniyyət nazirinin müavini Nursahed Şirimov, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, hər iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, mədəniyyət xadimləri, ictimaiyyət təmsilçiləri və digər rəsmilər iştirak ediblər.

Konsert proqramında hər iki ölkənin rəqs kollektivləri milli rəqslər təqdim edib. Azərbaycan və Türkmənistan xalqlarının zəngin mədəni irsini əks etdirən çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Rəngarəng səhnə nömrələri iki qardaş xalq arasında mövcud olan dostluq və mədəni yaxınlığı bir daha nümayiş etdirib.

Daha sonra tədbir Türkmənistanın milli at şousu ilə davam edib. Şou zamanı atlarının iştirakı ilə müxtəlif akrobatik nömrələr nümayiş olunub. Atlıların yüksək peşəkarlıqla təqdim etdikləri çıxışlar tamaşaçıların böyük marağına səbəb olub. Türkmən xalqının qədim atçılıq ənənələrini əks etdirən proqram iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, 5-7 iyun tarixlərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Türkmənistanda konsertlər, sərgilər, film nümayişləri və digər mədəni tədbirlər təşkil olunur.

"Cebheinfo.az"