Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyası sürətlənir?

Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyası sürətlənir?

Avropa İttifaqı (Aİ) liderləri üzvlük danışıqları davam edən namizəd ölkələrə tam üzvlükdən əvvəl bəzi iqtisadi və siyasi üstünlüklərin verilməsini nəzərdə tutan yeni yanaşmanı müzakirə etməyə başlayıblar.

"Cebheinfo.az" xəbər verir ki, "Politico" nəşrinin xəbərinə görə, Fransa və Almaniya tərəfindən hazırlanan təklif dünən Çernoqoriyanın Tivat şəhərində keçirilən liderlərin görüşündən əvvəl gündəmə gətirilib.

Təklif çərçivəsində Qərbi Balkanlardakı namizəd ölkələrə üzvlük prosesini tamamladıqları müddətdə Aİ təsisatlarında müşahidəçi statusunun verilməsi və İttifaqın Vahid Bazarına məhdud çıxışın təmin edilməsi planlaşdırılır.

Estoniyanın Baş naziri Kristen Mixal danışıqlardan sonra verdiyi açıqlamada namizəd ölkələrə verilən vədlərin yerinə yetirilməli olduğunu bildirərək, təklifin müzakirəyə dəyər olduğunu söyləyib.

Mixal islahatlar və üzvlük prosesi çərçivəsində görülən işlərin somut nəticələrinin görünməsinin namizəd ölkələrin motivasiyasını artıracağını ifadə edib.

Qərbi Balkanlarda Albaniya, Bosniya və Herseqovina, Çernoqoriya, Şimali Makedoniya və Serbiya uzun müddətdir ki, Aİ-yə üzvlüklə bağlı danışıqlar aparır. Dünənki sammitdə liderlərin görüşü zamanı genişlənmə prosesinin daha sürətlə irəliləməsi mövzusunda da rəy birliyi əldə olunub.

Görüşə ev sahibliyi edən Çernoqoriya isə tam üzvlükdən daha aşağı statuslu bir inteqrasiya modelinə daxil edilmək istəmədiyini bəyan edib.

Digər tərəfdən, bəzi namizəd ölkələr tam üzvlükdən əvvəl iqtisadi üstünlüklərdən yararlanmaq ideyasına müsbət yanaşırlar. Albaniyanın Baş naziri Edi Rama daha əvvəl etdiyi açıqlamada mərhələli inteqrasiya yanaşmasını "yaxşı ideya" kimi qiymətləndirmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"