Gənclər üçün sahibkarlıq və biznes təlimləri təşkil olundu
21-26 may tarixləri arasında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası tərəfindən həyata keçirilmiş "Gənclər üçün biznes təlimləri" layihəsi çərçivəsində olan təlimlər uğurla başa çatıb.
6 günlük intensiv təlim proqramı ərzində 20 gənc iştirakçı sahibkarlığın əsas istiqamətləri üzrə ardıcıl və məzmunlu təlimlər alıblar. Proqram çərçivəsində sahibkarlıq düşüncə tərzi, biznes ideyanın formalaşdırılması, bazar təhlili, biznes modelləşdirmə, marketinq strategiyası, maliyyə planlaması, büdcə idarəetməsi, komanda qurucuğu və investisiya cəlbi kimi mövzular əhatə edilib.
Hər bir təlim günü təcrübəli mütəxəssis tərəfindən aparılıb, iştirakçılara nəzəri biliklərlə yanaşı, peşəkar baxış bucağı da qazandırılıb. Layihənin yekun günündə iştirakçılar region ve paytaxtdan gələn sahibkarlar ilə canlı görüş formatında bir araya gəlib, öz biznes ideyaları ətrafında fikir mübadiləsi aparıblar. Bu görüş iştirakçılara real biznes mühiti ilə ilk təması yaşatmaq baxımından proqramın ən dəyərli mərhələlərindən birinə çevrilib.
Layihə boyu göstərdikləri səy və iştirakı ilə fərqlənən iştirakçılara yekun mərasim çərçivəsində sertifikatlar təqdim edilib. Assosiasiya bu layihənin gənclər arasında sahibkarlıq mədəniyyətinin formalaşmasına əhəmiyyətli töhfə verdiyinə inanır. Belə təşəbbüslərin davamlılığı ölkədə gənc sahibkarlığın inkişafı üçün zəruri şərtlərdən biridir. Assosiasiya bundan sonra da gənclərin peşəkar inkişafına yönəlmiş layihələri həyata keçirməyə davam edəcək.
"Cebheinfo.az"


