Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər 

Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər 

Əmlak sığortası məsələsi son vaxtlar tez-tez gündəmə gəlib.

Xüsusilə ölkənin müxtəlif bölgələrində baş verən sel, daşqın, yanğın və digər təbii hadisələrdən sonra vətəndaşların əmlakının sığortalanmasının əhəmiyyəti daha çox müzakirə olunur. 

Mövzu hətta Milli Məclisdə də qaldırılıb. 

“Cebheinfo.az” xəbər verir ki, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı bildirib ki, təmsil etdiyi İmişli rayonunda vətəndaşlarla görüşlər zamanı tez-tez yanğın nəticəsində zərər görmüş ev və obyekt sahibləri ilə qarşılaşır:

“Deputatı olduğum İmişli rayonunda vətəndaşlarla görüşən zaman təəssüflə qeyd etməliyəm ki, hər ay 3-4 yanmış evə, obyektə baş çəkməli oluram. Bu, artıq təsadüf deyil, ciddi sosial problemdir. Hər dəfə həmin ailələrə eyni sualı verirəm: əmlak sığortanız varmı? Cavab isə demək olar ki, həmişə “yox” olur”. 

Deputat qeyd edib ki, ən düşündürücü məqamlardan biri əmlak sığortasının illik haqqının cəmi 40-50 manat civarında olmasına baxmayaraq, vətəndaşların bundan istifadə etməməsidir.

Onun sözlərinə görə, kiçik bir məbləğlə ailələr bir illik təhlükəsizlik təminatı əldə edə bilərlər, əks halda isə bütün əmlaklarını itirərək həm özləri, həm də dövlət üçün əlavə yük yaradırlar.

Razi Nurullayev hesab edir ki, mövcud vəziyyət təkcə vətəndaş məsuliyyəti ilə bağlı deyil, eyni zamanda sistemli yanaşmanın çatışmadığını da göstərir. O, əmlak sığortasının yenidən məcburi tətbiqinin vacibliyini vurğulayıb.

“Bu addım həm vətəndaşların məsuliyyətini artıracaq, həm də fövqəladə hallarda dövlətin üzərinə düşən maliyyə yükünü azaldacaq. Biz insanları faciədən sonra yox, faciədən əvvəl qorumaq üçün əmlak sığortasını məcburi etməliyik”, – deyə deputat bildirib. 

Maraqlıdır ki, əmlak sığortası məcburi olmalıdırmı? 

Əmlak eksperti Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, regionlarda Azərbaycan vətəndaşlarının öz əmlaklarını sığortalamaması maraq doğurur:

“Kənd və qəsəbələrdə illik sığorta haqqı 30 manat, Bakı şəhərində isə 50 manat təşkil edir, yəni regionlarda əmlak sığortasının daha aşağı olduğu halda çox rayonda əmlaklar hələ də sığorta olunmur. Kəndlərdə torpaqlar kənd təsərrüfatı təyinatı olduğuna görə qanuni şəkildə evləri tikmək olmur. Çox nadir ərazilərdə vətəndaşların çıxarışı var.

Çıxarışın olmaması nəticəsində vətəndaş öz əmlakını sığortalaya bilmir. Əgər Azərbaycanın kəndlərində vətəndaşların mülkiyyəti çıxarışla təmin olunarsa, bir çox problemlər köklü şəkildə həll oluna bilər. Həm vətəndaşların mülkiyyəti tanınar, həm də vətəndaşlar həmin evlərə birbaşa qeydiyyata düşə bilərlər. Bu hal sığorta sektoru üçün də yaxşıdır”. 

Ekspert qeyd edir ki, Azərbaycanda kənd ərazilərində olan evlər kütləvi şəkildə çıxarışla təmin olunarsa, onların sığortalanması üçün də əsas olacaq. 

Aişə Abdulova 
“Cebheinfo.az”