Pentaqondan İsrailə sərt xəbərdarlıq
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İsrailin ABŞ-yə qarşı casusluq fəaliyyətlərini artırmasından getdikcə daha çox narahat olduğu və İsrailə qarşı əks-kəşfiyyat təhdidi səviyyəsini ən yüksək həddə qaldırdığı iddia olunur.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Məlumata görə, adları açıqlanmayan üç keçmiş amerikalı rəsmi Pentaqonun İsrailin ABŞ-yə qarşı casusluq fəaliyyətlərinin genişlənməsindən ciddi narahatlıq keçirdiyini bildirib.
Rəsmilər iddia ediblər ki, bu səbəbdən nazirlik İsrailə dair əks-kəşfiyyat təhdidi səviyyəsini ən yüksək mərhələyə yüksəldib.
Onların sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinə bağlı olan “Defense Intelligence Agency” (DIA) ABŞ–İsrail–İran xəttindəki gərginlik və Vaşinqtonla Təl-Əviv arasında artan diplomatik gərginlik fonunda yeni əks-kəşfiyyat təhdid qiymətləndirməsi hazırlayıb.
Nəşr DIA daxili yazışmada İsraillə bağlı təhdid qiymətləndirməsinin ən yüksək səviyyə olan “kritik” mərhələyə qaldırıldığını qeyd edib.
İddialara əsasən, bu qiymətləndirmə İsrailin ABŞ-nin müharibə və regional münaqişələrlə bağlı daxili müzakirələri, eləcə də qərar qəbuletmə prosesləri barədə məlumat əldə etmək məqsədilə yüksək vəzifəli amerikalı rəsmiləri izləməyə çalışdığına dair qənaətlərə söykənir.
Rəsmilər bildiriblər ki, DIA İsrailin həm insan mənbələri vasitəsilə casusluq, həm də texniki kəşfiyyat toplamaq imkanlarını “kritik səviyyədə” qiymətləndirib.
Həmçinin hesabatda ABŞ-nin narahatlığını artıran bir sıra hadisələrin də nümunə kimi göstərildiyi iddia olunur.
Keçmiş rəsmilərin sözlərinə görə, İsrailin son dövrdəki fəaliyyəti artıq “adi casusluq əməliyyatları” çərçivəsindən kənara çıxır.
Onlar qeyd ediblər ki, İsrail uzun illərdir ən yaxın müttəfiqi hesab olunan ABŞ-yə qarşı belə aqressiv kəşfiyyat fəaliyyəti aparmaqda ittiham olunur.
Bununla belə, Ağ Ev məsələ ilə bağlı açıqlamasında xəbərin tamamilə əsassız olduğunu bildirib. Pentaqon isə mövzuya dair şərh verməkdən imtina edib.
Vaşinqtondakı İsrail səfirliyinin sözçüsü də ittihamları rədd edərək, İsrailin ABŞ-ni casusluq yolu ilə izlədiyi barədə iddiaların “tamamilə əsassız” olduğunu vurğulayıb.
Nigar Hacılı
"Cebheinfo.az"


