Əli Nurdan dava ilə bağlı açıqlama: “Bədii Şurada mübahisə olub”

Əli Nurdan dava ilə bağlı açıqlama: “Bədii Şurada mübahisə olub”

Akademik Milli Dram Teatrının (Azdrama) səhnə arxasında əlbəyaxa dava ilə bağlı xəbər yayılıb. 

Belə ki, dava teatrın bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, "Azdrama"-ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.

Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri qucaqlayaraq iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar. Xalq artisti Əli Nurun baş verən hadisə ilə Respublika Prokurorluğuna şikayət etdiyi deyilir.

Xalq artisti Əli Nur məsələ ilə bağlı  “Cebheinfo.az”-a açıqlamasında deyib: 

"Teatr rəsmi açıqlama verib, hər şeyi izah edib. Teatrda heç bir davadan söhbət gedə bilməz. Niyə belə qələmə verirlər, bilmirəm.

Ağ yalandır. Teatr dava yeri deyil, yaradıcılıq məkanıdır. Bədii Şuranın iclasında rejissor işi, aktyor oyunu haqqında mübahisə oldu. Yaradıcılıq işində mübahisə həmişə mümkündür.

Xahiş edirəm, məni bir də bu məsələ ilə bağlı narahat etməyin. Belə şeyləri şişirtməyin. Teatrımızın uğurları haqqında yazın, biz də oxuyub sevinək", - deyə qeyd edib.

 Əfsanə Rəcəb 
“Cebheinfo.az”