Ermənistanın törətdiyi mənəvi terror: “Məhv olan abidələr, qəbiristanlıqlar...”

Ermənistanın törətdiyi mənəvi terror: “Məhv olan abidələr, qəbiristanlıqlar...”

Azərbaycanın tarixi torpaqları olan Qarabağı 30 ilə yaxın müddətdə işğal altənda saxlayan Ermənistan bir çox sahələrdə olduğu kimi, milli-mənəvi baxımdan da Azərbaycana qarşı cinayət törədib.

Xüsusilə də 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşamasına səbəb olan işğal, onlara mənəvi baxımdan bir çox çətinliklər yaradıb.
Prezident İlham Əliyev də 29 sentyabrda Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bu məqama toxunub.

"İnsanlar erməni işğalından çox əziyyət çəkiblər, çətin şəraitdə yaşayıblar, mənəvi çətinliklərlə üzləşiblər. Onlar özlərinin haqlı hüquqlarından, öz vətənlərindən, qəbiristanlıqlarını ziyarət etməkdən məhrum ediliblər", - deyə Prezident İlham Əliyev çıxışı zamanı vurğulayıb.

Göründüyü kimi, bu kimi məsələlər də dövlətin birbaşa diqqətindədir. Artıq Qarabağ tamamilə işğaldan azad edilib və hazırda bütöv ərazilərimiz Azərbaycanın birbaşa nəzarətindədir. Bundan sonrakı proseslərdə aparılan tikinti-quruculuq işləri məhz Böyük Qayıdış çərçivəsində öz tarixi torpaqlarına qayıdan insanların təhlükəsiz, rahat həyat yaşaması üçün görülür.

Qeyd edək ki, artıq işağldan azad olunmuş torpaqlara qayıdış prosesu başlayıb və bir sıra şəhər və rayonlara insanlar qayıdıb.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında deyib ki, ermənilər mənədi abidələrimizə, qəbiristanlıqlarımıza qarşı da soyqırım törədib:

“İşğalın ən böyük ziyanlarından biri həm də o idi ki, insanlar yaşadığı acılara və məhrumiyyətlərə rəğmən vətən torpaqlarına geri qayıdacağı ümidi, inancı ilə yaşayırdılar. Eyni zamanda işğalın Azərbaycan xalqına vurduğu maddi zərərlə yanaşı, psixoloji və mənəvi zərərləri də çox böyükdür.

Çünki uzun müddət insanlar öz dədə-baba yurdlarına gedə bilməyib, əzizlərinin, doğmalarının məzarlarını orda qoyublar. Hətta 30 ildən sonra aparılan axtarışlarda indiyə qədər nəşləri tapılmayan insanların cənazələri ortaya çıxıb.

Bu günə qədə işğalın heç bir maddi yükünü daşımayan, beynəlxalq hüquqi platformalarda təzminat məsələsi də daxil olmaqla, bir çox məsələlərdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyən Ermənistan və onları beynəlxalq hüquq qarşısına çıxarmayan dünya birliyi bu məsələlərlə bağlı da mənəvi baxımdan Ermənistanın ödəməli olduğu təzminatı görməzdən gəlir.

Əlbəttə ki, 30 il müddətində insanlarımız mənəvi sarsıntı yaşayıb. İşğaldan sonra isə insanlarımız qəbiristanlıqlarını ziyarət edərkən oraların hansı vandallıqlara məruz qaldığını görürlər. Ermənistanın da ən böyük soyqırımlarından biri də məhz mədəni, mənəvi, kültürəl mirasımıza qarşı törətdiyi soyqırımdır.

Burada Azərbaycanın tarixi abidələri yanaşı, insanların qoyduğu miraslar da ermənilər tərəfindən oğurlanıb, qəbiristanlıqlarımız dağıdılıb”.

Vilayət Muxtar
Cebhe.info