Antiterror əməliyyatını vacib edən erməni təxribatı

Antiterror əməliyyatını vacib edən erməni təxribatı

“Azərbaycan Ordusu uğurlu antiterror əməliyyatları ilə Qarabağda erməni terrorçu dəstələrini tərkisilah edəcək və qondarma qurumun varlığına son qoyacaq”.

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Cebhe.info-ya açıqlamasında Azərbaycan Ordusu tərəfindən Qarabağda aparılan antiterror əməliyyatlarının hədəflərini şərh edərkən bildirib. O qeyd edib ki, Azərbaycan ictimaiyyətində tələbə çevrilən antiterror əməliyyatı gözlənilən idi:

“44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Ermənistana kifayət qədər şans verdik. Ermənistan öz revanşist hərəkətlərini dayandırıb Azərbaycanla normal münasibətlər qurmalı, sərhədləri dəqiqləşdirməli, kommunikasiyaların açılmasına razılıq verməli, sülh sazişinin imzalanmasına yönələn işləri intensivləşdirməli, nəhayət, Qarabağı Azərbaycanın daxili məsələsi kimi tanımalı idi. Lakin Ermənistan tərəfi deyilən sözlərə əməl etmədi, tərəfimizdən verilən təkliflərə məhəl qoymadı, sözləri ilə əməlləri bir-birinə uyğun gəlməyəndə, ən pisi də həm sərhəd ərazilərdə, həm də Qarabağ bölgəsində ordumuzun mövqelərinə müxtəlif təxribatlara əl atdı.

Antiterror tədbirləri təhrik edən erməni təxribatları oldu. Son dövrdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu.

Ermənistan hakimiyyəti Qarabağda qeyri-qanuni erməni hərbi birləşmələrin tərkisilah edilməsi istiqamətində addımlar atmadı, qondarma qurumun rəhbərliyini Azərbaycan qanunlarına tabe olmağa təhrik etmədi. Əksinə, biz görürdük ki, Ermənistan erməni separatçıların yanında yer alır, onlara maddi-texniki dəstək verir, qanunsuz erməni silahlı dəstələri də silahlanır, istehkamlar qurur və səngərlər qazırlar”.

Deputat bildirib ki, bütün bunlar Azərbaycanı advekat cavablar vermək üçün məcburiyyət qarşısında qoydu:

“Son üç il ərzində nə Ermənistan, nə də Qarabağdakı xunta rejimi Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarından dərs çıxardı, əksinə, təxribatlarını davam etdirdilər. Onu da əlavə edim ki, sentyabrın 19-da Füzuli-Şuşa yolunda erməni təxribatçılarının basdırdığı minanın partlaması nəticəsində üç polis işçimizi və üç mülki vətəndaşımız həlak olub. Bu, açıq şəkildə Azərbaycana meydan oxumaq deməkdir. Bununla da Azərbaycanın səbr kasası daşdı. Nəhayət, bölgədə quldur yuvasını məhv etmək, əlində silah tutan erməni hərbçilərini və onların hərbi infrastrukturunu darmadağın etmək, bütün logistik mərkəzlərini sıradan çıxarmaq üçün lokal xarakterli antiterror əməliyyatlarının keçirilməsinə qərar verildi”.

Deputatın sözlərinə görə, Azərbaycan Ordusunun antiterror əməliyyatları uğurlu nəticələr ilə yekunlaşacaq:

“Qarabağın dağlıq ərazilərində bütün quldur dəstələri zərərsizləşdiriləcək, qondarma qurum buraxılacaq, Azərbaycan həmin bölgə üzrə də suverenliyini və inzibati nəzarətini bərqərar edəcək, tez bir zamanda Xankəndidə ölkəmizin konstitusiya qanunları işləyəcək. Kimin nə bəyanat verməsindən, Azərbaycana qarşı sərgilənən təzyiqlərdən asılı olmayaraq, Ali Baş Komandanımız qarşısına qoyduğu bütün məqsədləri həyata keçiricək. Azərbaycan xalqı silahlı qüvvələrimizlə bərabərdir və əminəm ki, yaxın zamanda ölkəmiz bu məsələyə son qoyacaq”.

Yunis Abdullayev

Cebhe.info