AzVP-nin baxışı: Enerji təhlükəsizliyi möhkəmləndirilir

AzVP-nin baxışı: Enerji təhlükəsizliyi möhkəmləndirilir

30 ildir ki, Azərbaycan dünyanın enerji resurslarının daşıyıcıları siyahısında yer alır və bu sahədə öz rolunu ildən-ilə artırır. 

Dünyanın müxtəlif ölkələri ilə neft sahəsində başlanan qlobal əməkdaşlıq tədricən təbii qaz istiqamətini də əhatə edib. Eləcə də Avropa kimi inkişaf etmiş və güclü maliyyə resursları olan böyük bir bölgənin enerji təhlükəsizlində əhəmiyyətli rol oynamağa başlayıb. Lakin sosial-iqtisadi və mədəni inkişafa böyük töhfələr verən ənənəvi enerji resurslarından istifadə genişləndikcə, onun təbiətə vurduğu ziyan da ildən-ilə artır. 

Nəticədə qlobal istiləşmə baş verir, atmosferin tərkibi zərərli maddələr hesabına çirklənir və insanlıq “olum, ya ölüm” dilemması ilə qarşı-qarşıya qalır. Bütün bunlar bəşəriyyət üçün ciddi “SOS” siqnalıdır. Əgər bu gün bu cür mənfi təmayüllərə qarşı mübarizə gücləndirilməsə, sabah vəziyyəti düzəltmək mümkünsüz olar. 

Xalqımız üçün qürurverici haldır ki, Azərbaycan bu mübarizənin ön cərgəsindədir və bu səbəbdəndir ki, Birləşmiş Millətlər Təşkilatının bu sahədə COP29 adlı mühüm beynəlxalq tədbiri bu ilin noyabrında ölkəmizdə keçiriləcək. Çünki, “yaşıl enerji” adlandırılan və təbiətə ziyan vurmayan enerji istehsalı Azərbaycanda sürətlə genişlənir. Xüsusilə, işğaldan azad edilmiş Qarabağ bölgəsinin enerji təchizatı məhz müasir və fiziki üsullarla – su elektrik stansiyaları, günəş və külək enerjisi hesabına təmin edilir. 

Prezident İlham Əliyev “Euronews”-a verdiyi müsahibədə dövlətimizin bu istiqamətdə apardığı siyasət barədə deyib: 

“Yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”.

Azərbaycanda elektrik enerjisinin istehsalı üçün təbii resursların 30 faizi Qarabağ bölgəsinin payına düşür. Xüsusilə, su-elektrik stansiyalarının tikintisi, günəş və külək enerjisinin potensialı üzrə bu regionun imkanları genişdir. Bu amil imkan verir ki, Azərbaycan bərpaolunan enerjidən təkcə daxili istifadə üçün yox, həm də ixrac üçün istifadə etsin. Bu isə öz növbəsində qonşu dövlətlərlə ötürücü xətlər şəbəkəsini genişləndirməyi tələb edir. Eyni zamanda, Zəngəzur dəhlizinin, Şimal-Cənub nəqliyyat qovşağının reallaşdırılması, bu projelərin siyasi rahatlığı üçün Ermənistanla məqbul şərtlər əsasında sülh sazişinin bağlanması mühüm əhəmiyyət kəsb edir. 

Bütövlükdə COP29-un Azərbaycanda keçirilməsinin regionda və dünyada sülh və əmin-amanlığı təsir göstərən mühüm tədbir olacağı şəksizdir. Bir fakta diqqət etmək gərəkdir ki, hətta hələ də Azərbaycanla sülh sazişi bağlamağı çək-çevirə salan Ermənistan da bu tədbirin Azərbaycanda keçirilməsinə BMT səviyyəsində səs verib.

Çünki orada da anlayırlar ki, ölkənin enerji təhlükəsizliyi, bunun zərərsiz istehsal hesabına başa gəlməsi olduqca əhəmiyyətli iqtisadi və siyasi hadisədir. 

Təbii ki, bu ölkə Azərbaycana qarşı ərazi iddialarından birmənalı şəkildə imtina etsə, gözlənilən sülh sazişini bağlamağa gücü çatsa, gələcəkdə ölkəmizin bərpa olunan enerji potensialından yararlana bilər. 

Təsadüfi deyil ki, Azərbaycanın dövlət başçısı öz müsahibəsində bu haqda açıq mesaj verib: 

“Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.

Bu fikirlər Azərbaycanın dünya miqyasında yeni missiyaya başlamaq niyyətini ortaya qoyur.

Azad Vətən Partiyasının (AzVP) İnformasiya və Təhlil Mərkəzi

"Cebhe.info"