Deputat: “Azərbaycanın şanlı qələbəsi bəzi ölkələri narahat edir”

Deputat: “Azərbaycanın şanlı qələbəsi bəzi ölkələri narahat edir”

“Azərbaycanın tarixi Qarabağ Zəfərindən sonra bəzi qüvvələr ölkəmiz əleyhinə kampaniyaya başlayıblar”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Qarabağ bütün dünyanın diqqət mərkəzində olduğu üçün Azərbaycanın şanlı qələbəsi bəzi ölkələri narahat edir:

“Xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsi, 1 günlük antiterror tədbirləri və yeni nəsil müharibə taktikaları bir çox qüvvələrin yuxusunu ərşə çəkib. Bütün bunlardan sonra bəzi qüvvələrin üzərimizə gələcəyini planlaşdırırdıq. Ona görə də bəzi Qərb dairələrinin son addımları təəccüblü deyil.

Ümumiyyətlə, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, zəkası və xalqın birliyi suverenilyimizin 100 faiz bərpa olunması ilə nəticələndi. Hazırda ölkədə xalq-iqtidar birliyi var. Biz həm müharibədə qalib gəldik, həm ermənilərin bel sütununu sındırdıq, həm də iqtisadiyyatımızı sürətlə inkişaf etdirdik. Həmçinin, beynəlxalq plaftormalarda artan nüfuzumuz, ölkə başçısının siyasi liderlər içərisindəki xüsusi xarizması, qeyri-adi, çevik, məntiqli və dinamik siyasəti diqqət mərkəzindədir. Bütün bunlar isə anti-Azərbaycan qüvvələrinin narahatlığını daha da artırır”.

Millət vəkili qeyd edib ki, hazırda dünyada yeni qlobal siyasi vəziyyət formalaşdırılır:

“Artıq dünya ölkələri birqütblü siyasi sistemi qəbul etmir. Üstəlik, dünyada yeni güclər yaranır və onların hər biri öz maraqlarını ortaya qoyur. Biz isə bu dəyişilmə problemlərinin içərisində unikal dövlət kimi nəzərə çarpırıq. Əlbəttə ki, bu da ölkəmizin uğurlarını həzm edə bilməyənləri qıcıqlandırır. Bu səbəbdən də ölkəmizə qarşı böhtan və qarayaxma siyasəti həyata keçirirlər”.

Vüqar İskəndərov diqqətə çatdırıb ki, hazırda qarşıda duran əsas məsələ artıq Ermənistanla sülh müqaviləsi imzalamaqdır:

“Ölkəmiz bunun üçün kifayət qədər vacib addımlar atıb. Ermənistan isə bu və ya digər formada prosesləri ləngitməklə Qərbdən aldığı göstərişləri icra edir. Lakin rəsmi İrəvan yanlış yoldadır və zaman daraldıqca, dünyanın artıq dəyişdiyini anlamalıdır. Onlar başa düşməlidirlər ki, dünyada dəyərlər, tələblər və çağırışlar sürətlə dəyişir. 

Müasir çağırışlara cavab verən, sürətlə inkişaf edən dövlətlər və xalqlar layiqli yaşayacaqlar. Əks halda, belə yarıtmaz siyasətlə uğur qazanmaq olmaz. Ermənistan da bu məsələni diqqətlə araşdırmalı və gələcək startegiyasını daha ağıllı şəkildə müəyyən etməlidir”.

Elmir Mustafa
“Cebheinfo.az”